“Niyə?”-nin cavabı
“Qarabağ” APOEL-lə səfərdəki oyunda da, Bakıda keçirdiyi görüşdə də daha çox hücum edən, topa daha çox sahib olan tərəf idi. Amma müasir futbolda bunlar bəs etmir. Hədəfə çatmaq üçün sürətli əks-hücum etməyi, Bəzz qalası kimi qorunmağı, müdafiə olunmağı da bacarmalısan. Ötən həftə İsrailin “Bney Yehuda” komandası Bakıda, “Neftçi”ylə qarşılaşmada – hamımızın gözü önündə necə sürətli əks-hücuma keçmək, necə müdafiə olunmaq lazımdır, göstərdi. Avrokuboklarda saysız-hesabsız oyun keçirmək, Avropa klubları ilə qarşılaşmaq həm də ona görə faydalıdır ki, rəqiblərdən nəsə öyrənəsən.
“Qarabağ” ötən mövsüm olduğundan daha baxımlı, daha zövqlü futbol oynayır, bu, istisnasız belədir. “Köhlən atlar” hücum edir, top saxlayır, heyətdə yetərincə sürətli, texnikalı oyunçuları var. Amma… Qurban Qurbanov qəbul etməlidir, bütün futbolçularına da aşılamalıdır ki, yaxşı nəticə təkcə yaxşı oyunla əldə edilmir. Bütün ölkə gözünü sənə, sənin komandana dikibsə, arada elə həmin “Bney Yehuda” kimi, sərfəli nəticə əldə etmək üçün futbolu, oyunu çirkinləşdirmək də olar. Bunu etməsən, oyundan əvvəl səni qəhrəman sayanlar, oyundan sonra səni düşmən elan edəcək. İnsanlar hər şey istəyir: gözəl oyun, gözəl nəticə. Bu ikisini birdən verə bilmirsənsə, ikincisini seçməlisən. Oyun özü yaddan çıxacaq, amma nəticə tarixə çevriləcək, həmişə xatırlanacaq.
APOEL məğlubiyyətindən sonra sosial şəbəkədə “Qarabağ”dan iki futbolçunun – Rəşad Sadıqovla Riçard Almeydanın hədəfə alınması da qəribə göründü mənə. Almeyda kimi müdafiəyə çəkilən, hücumların qurulmasında iştirak edən, bəzən isə hətta hücumçu mövqeyində görünən futbolçu varmı bizim ölkədə? Müstəqillik dövründə Rəşad Sadıqovdan daha yaxşı, daha uğurlu futbolçu yetişibmi? Bu gün varmı elə azərbaycanlı müdafiəçi ki, Qurban Qurbanova müraciət edib, “Rəşadı təqaüdə göndər, filankəsi onun yerində oynat” deyəsən? Ən yaxşı halda, əcnəbi futbolçu almaq olar. Yaxşı, Mahir Emrelinin də yerinə legioner al, Rəşad Sadıqovun da, Rahil Məmmədovun da. Bəs həftəsonu startı veriləcək Azərbaycan Premyer Liqasında kim oynayacaq? Legionerlər? Axı sənin çempionatına tətbiq olunan limit buna imkan vermir. Limit deyir, hətta demir, tələb edir ki, Mahiri oynat, Rahili oynat, Rəşadı oynat. Eee, necə çözəcəksiz bu “düyün”ü?
“Qarabağ”ın APOEL səddini keçə bilməməsinə görə təəssüflənməli, deyinməli əsas məqam Çempionlar Liqasının pley-off mərhələsi üçün nəzərdə tutulan 5 milyon avronun əldən çıxmasıdır. Bakıya “Ayaks” gələcəkmiş, Kipr klubuna məğlubiyyət ayıb bir şeymiş və sair və ilaxırlar kiçik, o qədər də əhəmiyyətli olmayan detallardır. “Qarabağ” bu günə kimi Bakıya Dortmund “Borussiya”sını, “Çelsi”ni, “Arsenal”ı, “Monako”nu, “Sportinq”i və başqalarını gətirib, yenə gətirər.
Aramızdan bəzilərinin sərf edəndə “futbol siyasətə qarışmır”, sərf etməyəndə “futbol elə siyasətin özüdür” deməsi isə xeyli komik, gülməlidir. Qətiləşdirin, yoldaşlar: futbol siyasətin bir parçasıdır, yoxsa insanları bir top ətrafında birləşdirməli olan, sülhün, sevginin rəmzidir?
İndi “Qarabağ”ın qarşısında bir vəzifə var: Şimali İrlandiya “Linfild”ini mübarizədən kənarlaşdırıb, növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. “Köhlən atlar” bunu bacaracaq gücdə, potensialdadır. Onlar APOEL səddini də keçmək gücündə, potensialında idilər. Niyə keçə bilmədilər? “Linfild”lə oyunlarda uğurlu nəticə qazanmağın “açar”ı elə o sualın – “niyə”nin cavabında gizlənib.
Bizi Facebook-da izləyin