Nikola Yurçeviç: “Müdafiədə oturmayacağıq”

AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabah keçiriləcək oyunla bağlı bunları deyib:

  • Artıq 3 həftədi komanda ilə birlikdəyik. Hər şeydən razıyam. Zədəli oyunçumuzun olmaması sevindirici haldı. Riçard Almeydanın dünən kiçik zədəsi var idi. Ancaq hazırda yaxşıdı. Bircə, Eddi İsrafilov zədə səbəbindən bizimlə birgə deyil. Rəqib güclü komandadı. Macarıstan yığmasının oyunlarını təhlil etmişik. Sabahkı oyunla bağlı optimistəm.
  • Sabah qapıda Səlahət Ağayevin olacağını demisiz. Nə üçün Emil Balayevi yox, onu seçdiz?
  • Bu sualın cavabını vermək çox asandı. Hər iki qapıçı yaxşı səviyyədədi. Ancaq Səlahət milli ilə əvvəlki oyunlarda da özünü yaxşı göstərib.
  • Dünən Azərbaycanın U-21 millisinin Lixtenşteynə məğlub olması sizə necə təsir etdi?
  • Bu, bizim oyunumuza təsir etməyəcək. Bir az ağır məğlubiyyət oldu. Ancaq komanda yaxşı oynadı. Məncə, 21 yaşadək futbolçulardan ibarət milli komanda yaxşı oyun sərgiləyir.
  • Macarıstan millisi ilk dəqiqələrdən təzyiq göstərəcək. Oyunun əvvəlində qol vursalar, hesabı dəyişə biləcəksizmi?
  • Hər şey mümkündü. Pis fikirləşmək istəmirik. Yaxşı düşünməliyik. Yaxşı hazırlaşmışıq, oyunçular da oyuna yaxşı köklənib, yaxşı nəticə almaq üçün əlimizdən gələni edəcəyik.
  • Xorvatiya ilə görüşdə milli komanda yaxşı təsir bağışlamışdı. Macarıstanla görüşdə hər kəs qələbə gözləyir. Bu, oyunçuların və sizin üzərinizdə təzyiq yaratmır ki?
  • Fərqli oyun olacağının fərqindəyik. Xorvatiya ilə oyundan razı qalmışdıq. Komanda şəklində yaxşı mübarizə aparmışdıq. Macarıstanla oyunu evdə keçirəcəyik. Çalışacağıq ki, yaxşı çıxış edək. Komandanın daha çox şans yaradacağını gözləyirəm.
  • Sabahkı oyunun heyətini açıqlaya bilərsizmi?
  • Sabah kimin oynayacağını deyə bilmərəm. Ancaq Xorvatiya ilə heyətdəki 8-9 futbolçu yenə əsas heyətdə olacaq.
  • Milan Obradoviç “məğlub olsaq da, düzgün yoldayıq” deyib. Sizcə, məğlubiyyət düzgün yoldurmu?
  • Məğlubiyyət düzgün yol deyil. Ancaq Obradoviçin şərhi ilə bağlı bir şey demək istəmirəm. Bəlkə də, başqa şey demək istəyirdi.
  • Macarıstan bura 3 xal üçün gəlib. Buna qarşı nədənsə istifadə edəcəksizmi?
  • Macarıstan yaxşı komandadı. Yaxşı futbolçuları var. Oyunda müdafiə və hücumda balansı qorumağa çalışacağıq. Kompakt oynamağa çalışacağıq. Müdafiədə oturmayacağıq. Müdafiə baxımından Xorvatiya ilə oyundakı kimi olmaq istəyirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button