Niderlandlı futbolçu Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçilər – İvan Şunyiç, Uilfrid Kanqa və Jan-Pol Boetyusu, həmçinin hücumçu Çidera Ejukeni transfer edib.

İvan Şunyiç İngiltərənin “Birmingem Siti” klubundan satınalma şərti ilə icarəyə götürülüb. Xorvatiyadan olan 25 yaşlı dayaq yarımmüdafiəçisi daha öncə Zaqrebin “Dinamo” və “Lokomotiva” klublarında da çıxış edib. O, Xorvatiya yığmasında 1 oyun keçirib.

Çidera Ejuke də Rusiyanın ÇSKA (Moskva) klubundan icarəyə götürülüb. 24 yaşlı vinger 2020-ci ildən paytaxt təmsilisində forma geyinirdi. O, daha öncə “Qombe Yunayted”, “Valerenqa” və “Herenven”də çıxış edib. Nigeriyalı yarımmüdafiəçi ölkəsinin milli komandasında da 3 oyuna çıxıb.

Uilfrid Kanqa PSJ-nin yetirməsidir. 24 yaşlı vinger 2021-ci ildən “Yanq Boyz”da çıxış edirdi. Fransanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi daha öncə “Kretel”, “Anje” və “Kayserispor” klublarında da çıxış edib. Almaniya klubu onun transferi üçün İsveçrə klubuna 4 milyon avro ödəyib. Kanqa yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Jan-Pol Boetyus isə Bundesliqanın digər təmsilçisi “Maynts”dan transfer olunub. O, sözügedən klubdan azad agent kimi ayrılaraq, hertalılarla 3 illik müqaviləyə imza atıb. Niderlanddan olan 28 yaşlı vinger 2018-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu komandada 127 oyuna çıxıb, 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Niderland yığmasında 1 oyun keçirmiş Boetyus, “Feyenoord”, “Bazel” və “Genk”də də oynayıb.

“Herta” öz oyunçularından Javayro Dilrosun, Cordan Torunariqa və Yurgen Ekkelekampla da yollarını ayırıb. Javayro Dilrosun 4 milyon avro qarşılığında Niderland “Feyenoord”una satılıb. O, 2018-ci ildən formasını geyindiyi Bundesliqa təmsilçisində 59 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Niderland yığmasında 1 oyun keçirmiş 24 yaşlı vinger, ötən mövsüm Fransanın “Bordo” komandasında icarədə oynayıb.

Cordan Torunariqa 3.5 milyon avroya Belçika “Gent”inə satılıb. Nigeriyadan olan 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Herta”nın öz yetirməsi olan almaniyalı futbolçu, bu komandada 81 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bundesliqa təmsilçisi müdafiəçini bu ilin əvvəlində də “Gent”ə icarəyə vermişdi.

Yurgen Ekkelenkamp isə Belçikanın digər təmsilçisi “Antverpen”ə keçib. Almaniya klubu bu transferdən 5 milyon avro qazanıb. Niderlanddan olan yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Ayaks”ın yetirməsi olan 22 yaşlı futbolçu Almaniya klubuna ötən ilin yayında 3 milyon avroya transfer olunmuşdu. O, Bundesliqa təmsilçisində 22 oyuna 3 qolla yadda qalıb.

Yeri gəlmişkən, Jan-Pol Boetyusu “Herta”ya buraxan “Maynts” da heyətinə yeni yarımmüdafiəçi cəlb edib. Sözügedən klub Fransanın “Anje” klubundan Angelo Fulgini ilə güclənib. 6 milyon avroya transfer olunmuş oyunçu ilə 4 illik müqavilə imzalanıb. Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, daha öncə Fransada “Valensyenn” komandasında da forma geyinib.

“Maynts” müdafiəçisi Ronel Pyer-Qabrieli də Fransanın “Strasburq” klubuna icarəyə verib. Fransadan olan 24 yaşlı futbolçu mövsümün sonuna kimi ölkəsində çıxış edəcək. 2019-cu ildən Almaniya klubunda olan futbolçu burada əsas heyət oyunçusu kimi möhkəmlənə bilməyib. Bu üzdən o, son iki ildə icarə əsasında “Brest”də çıxış edib. Futbolçu daha öncə ölkəsində “Sent-Etyen” və “Monako”nun da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button