Nicat Süleymanov: “Məqsəd əsas heyətdə möhkəmlənməkdir”
“Yoxlama oyunlarının məqsədi bəllidir. Əsas olan komandanın hazırlığına baxmaq, çatışmayan cəhətləri ortaya çıxarmaqdır. Nəticə önəmli deyil, üzərimizə düşən məşq proseslərinin keyfiyyətini göstərməkdir”.
Komanda.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in yeni transferi Nicat Süleymanova məxsusdur. Onun fikrincə, bu cür oyunlarda qələbə qazanmaq da yaxşıdır. Çünki bu, futbolçuların özünəinam hissini artırır.
Yenidən Süleymanovu eşidək: “İki yoxlama görüşündə qalib gəlməyimiz bizim üçün yaxşı motivasiya oldu. Komandaya yeni futbolçular cəlb olunub. Uyğunlaşmaq, bir-birimizi yaxşı başa düşmək üçün vaxtımız az oldu. Amma nəticədən də göründüyü kimi hər şey qaydasında gedir. Daha çox işləməli, oyunumuzu artırmalıyıq”.
Nicatın özü də Gəncə klubuna yeni qoşulan futbolçulardandır. Gənc yarımmdafiəçinin sözlərinə görə, uyğunlaşma ilə bağlı ciddi problem yoxdur. Heyət yeni olsa da, tez bir zamanda oyunçular bir-birilərinə öyrəşiblər. Süleymanov hazırlıq dövründə iki fərqli səviyyəli komandalara qarşı oynadıqlarını da sözlərinə əlavə edib:
“Birinci oyunda həvəskarlardan ibarət “Mübarizlər” ilə qarşılaşdıq. Hücum xəttində daha dəqiq oynadığımızdan 10:0 hesabı ilə qalib gəldik. Bizim üçün çətin olmadı. “Zaqatala”ya gəlincə, 2:1 hesablı nəticə oyunun gedişindən xəbər verir. Rəqib yaxşı kollektivdir. Ağır məşqlərdən sonra qələbələr qazanmağımız sevindirici haldır. İnşallah, qarşıda davamlı qələbələrimiz daha çox olacaq”.
Futbolçu hər iki rəqiblə görüşdə start heyətində yer alıb. Amma düşünür ki, hələ heç kimin ilk “11-lik”də yeri təmin olunmayıb: “Düzdü, oyunlarda ilk dəqiqələrdən meydanda oldum. Bu o demək deyil ki, çempionat matçları üçün də yerim hazırdır. Təbii ki, məqsəd əsas heyətdə möhkəmlənməkdir. “Kəpəz” üçün əlimdən nə gəlirsə, ən yaxşısını edəcəm. Azarkeşlərimiz rahat ola bilər. Klub rəhbərliyi və baş məşqçi tərəfindən göstərilən etimadı doğruldacağıq”.
Bizi Facebook-da izləyin