“Neftçi”yə düşünməyə imkan verməməliyik” – “Rapid”in baş məşqçisi
Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bakı çox gözəl şəhərdir. Buranın gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah buradan qələbə ilə ayrılacağıq. Amma çətin olacaq. 3-cü təsnifat mərhələsində asan rəqib olmadığını bilirik. Bu komandanı çoxdan izləyirik. Ötürmələri əla edirlər. Bu komandaya düşünməyə imkan verməməliyik. Driblinq etməyi bacarırlar”.
O, Avstriyada olarkən Bakıdakı rütubətin, saat fərqinin, istinin, səfər yorğunluğunun “Neftçi”nin işinə yarayacağını bildirmişdi. “Bakcell Arena”dakı mətbuat konfransına Bakıdakı tıxac səbəbindən gecikən “Rapid”in baş məşqçisi bunun sabahkı matça təsir etməyəcəyini vurğulayıb:
“Tıxac problemi bütün ölkələrdə var. İnanmıram ki, bu, bizə sabahkı oyunda psixoloji problem yaradar. Ancaq nəzərə alsaq ki, hava sabah isti olacaq, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı büruzə verməyək”.
“Neftçi” “Rapid”ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
Bizi Facebook-da izləyin