“Neftçi”yə tam alışmışam” – Qara Qarayev
“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev komandasının Misli Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi matç haqqında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu klub televiziyasına açıqlamasında rəqibin üstün keyfiyyətlərə malik olduğunu deyib:
“Qəbələdə kiçik təlim-məşq toplanışı keçirdik. Düşünürəm ki, bu, çox vacib idi. Sözsüz ki, bu, daha hazırlıqlı olmağımız üçün idi. “Araz-Naxçıvan” indi yüksəlişdədir. Onların təhlükəli oyunçuları var. Yaxşı müdafiə olunurlar, hücumlar qura bilirlər. Ən əsası da, “Araz-Naxçıvan”ın qol hissiyatı yaxşı olan futbolçuları var. Bunları çempionat matçlarında göstəriblər. “Araz-Naxçıvan” istənilən komandadan xal ala biləcək rəqibdir. Bizi çətin, lakin maraqlı qarşılaşma gözləyir. Ümid edirəm ki, oyuna qədər bütün hazırlıqlarımız yekunlaşacaq. Sözsüz ki, futbol fərdiş oyunudur. Daha yaxşı çıxış edənlər daha yaxşı oynayanlardır. Həm fiziki, həm də taktiki baxımdan Qəbələ toplanışı bizim üçün vacib idi. Çünki bu il komanda olaraq birlikdə təlim-məşq toplanışı keçirə bilməmişdik”.
Bu yay “Qarabağ”dan ayrılaraq Bakı təmsilçisinə keçən Q.Qarayev artıq komandaya tam uyğunlaşdığını deyib: “Mənə gəlincə, indi komandaya və oyun sisteminə tam uyğunlaşdım. Buradakı atmosfer, azarkeşlərin münasibəti adaptasiya dövrünü daha sürətli edir, futbolçuların özünü komfortlu zonada hiss etməsinə kömək olur. Bununla bağlı heç bir problem yaşamamışam. İlk günlərdə bir az hiss edirdim ki, fərqli atmosfer, yeni oyunçular var. Amma bu, çox qısa zaman oldu. İndi hər şey qaydasındadır. Komandanın futbol biliyinə, ideyasına tam alışmışam. Fikrimcə, gələn futbolçuların hamısı artıq bu dövrü keçiblər. Problemimiz yoxdur. Ancaq matçlara, nəticəyə köklənmişik”.
Bizi Facebook-da izləyin