“Neftçi”yə BAŞ MƏŞQÇİ lazım deyil!
Vüsal “Aydın” Qəmbərov
Sözə buradan başlayım ki, özünə hörmət edən futbol ölkələrində flaqman olmur, əbədi rəqabətlər olur. Bu “flaqman” söhbəti sovet ideologiyasına xidmət edən bir zaddır. Hər müttəfiq ölkəni İttifaq arenasında təmsil etmək üçün klub seçilmişdi ki, yarışa maraq gəlsin. Üstəlik, Ukrayna və Rusiyadan başqa, digər ölkələrin birdən artıq klubu davamlı tonusda saxlamaq üçün maddi və insan resursu olmaması nəzərdə tutulmuşdu. Real baxanda resurs var idi, amma bu, slavlara sərf etmirdi.
Ona görə də, “sovet qoxulu flaqman“ söhbətini kənara qoyub, “Xəzər Lənkəran” – “Neftçi” rəqabəti şansını da bəzi yarıtmazlar ucbatından qaçırdığımıza heyfslənib, bir az da dizimizə döymək üçün başlayaq indiki “Neftçi”nin “şəninə mədhiyyə oxumağa”.
“Neftçi” sırf tarixi aspektdən adi bir futbol klubu deyil. Bütün azərbaycanlılar üçün dəyərdir və bayrağımızı Avropa kuboklarının qrup mərhələsinə daşımış ilk komandadır, simvoldur. Amma sadəcə simvol olmaq bəs eləmir. Dərin tarixi olan bütün klubların futbolun tam peşəkarlaşmasından sonrakı gedişatına baxanda bunu anlayırsan.
Azərbaycanda müasir klub futbolunu Avropada başqa səviyyəyə keçirən “Qarabağ” olduğu kimi, Qazaxıstanda bu “Kayrat” yox, “Astana” oldu, Belarusda bu Minsk “Dinamo”su yox, BATE oldu, Bolqarıstanda bu kommunist rejimin klubu olan, iştirak etdiyi 47 (!!!) avromövsümdə, Çempionlar Kubokunda dəfələrlə yarımfinal və 1/4finala vəsiqə qazanmış, amma modern ÇL qruplarını görməmiş Sofiya ÇSKA-sı yox, “Ludoqorets” oldu, Avstriyada bu “Rapid” və “Austriya” kimi tarixi klublar yox, “Zalsburq” oldu.
Məsələn, “Red Bull” Zalsburqda nə etdi? Dünya tarixinin ən maraqlı sahibkarlarından biri olan Ditrix Mateşits klubu satın alandan sonra “tarixi olmayan böyük bir klub” quracaqlarını dedi və əvvəlcə bütün idarəçi heyəti dəyişdirdi. Kluba “Red Bull” idarəetməsini gətirdi. Baş məşqçi və köməkçisi məxsusi seçildi: Covanni Trappattoni və Lotar Matteus.
Futbolun kommersiyalaşmasından (90-cı illərdən) etibarən hansı klubda inkişaf və dayanıqlı uğur varsa, bilin ki, arxasında sistemli idarəetmə var. Çox sevinirəm ki, dünya futbol tarixinə bizim ölkəmiz də belə bir klub bəxş edib. Peşəkarlar üçün “Qarabağ” keysi çox dəyərlidir və öyrənəsi çox şey var. Bu haqda kanalda hazırladığım videonun linkini əlavə edirəm. Mütləq izləyin!
Bir müddətdir ki, “yay yuxusu”na gedən və baş məşqçisini seçə bilməyən “Neftçi”dən də eynisini gözləyirik illərdir. Sadəcə, qəribə bir mövsümdan sonra zövq verməyən bir çempionluq yox, “Qarabağ”ın hegemonluğuna son verməsini və futbolumuza əsl rəqabət ləzzətini geri qaytarmasını gözləyirik. Söz yoxdur ki, “Kəpəz”, “Xəzər Lənkəran”, “Turan” kimi dəyərli klublarımız geri qayıdarsa və normal idarəetmə ilə təmsil olunarsa, bu, çox da gözəl olardı. Amma… Orası ayrı dərddir, saxlayaq.
“Neftçi” isə belə baxanda, həm resursları, həm simvolik anlamı, həm də AFFA üçün önəmi baxımından dirçəlişi ən ümid edə biləcəyimiz klubdur. Amma tərpəniş yoxdur.
Məni daha çox məyus edən isə (1) “Neftçi”yə baş məşqçi lazım olduğu, (2) bu baş məşqçinin yerli mütəxəssislərdən biri olmalı olduğu (3) və daha ağırı isə Samir Abasovun belə, o şəxs ola biləcəyi fikrinin səslənməsi oldu. Mediada… Analitika, obyektiv məlumat və doğruluğun ünvanı olmalı olan yerdə.
Müəllimlər, Samir Abasovun futbol biliyini qoyacam bir kənara, ya da Ayxan Abbasov və ya digər məşqçilərimizin. Mən onsuz da futbol bilicisi deyiləm, onların oyun üslubunu-filan analiz edəsi deyiləm. Düzdür, idarə etdikləri komandaların oyunları adətən xaosdan ibarətdir. Amma yenə də…
Əsas məsələ tamam fərqli istiqamətdir. Və bu, mentalitetə gəlmədən bu iş düzəlməz.
Yalan gerçək, “Ərtuğrul Sağlam çempionluq vədi verə bilmədiyi üçün razılaşa bilmirlər” deyə, xəbər çıxdı. Deməli, “Neftçi”nin idarəetməsinin kafası o kafa deyil. Hansı kafa?
Qurban Qurbanov “Qarabağ”a dəvət olunanda, “məndən yaxın illərdə çempionluq istəməyin” deyəndə, Tahir Gözəl “qəti narahat olmayın, bizim üçün vacib olan qısa dönəmdə qazanılan çempionluq deyil” demişdi. Bunu demək üçün həm vizyon, həm cəsarət lazımdır. Yoxdursa, müasir futboldan xəbəriniz yoxdur, ciddi və dayanıqlı uğur əldə edə bilməzsiz.
“Red Bull” “Leyptsiq”i 2ci Bundesliqanın ortababı kimi götürəndə nə istədiyini və hara getdiyini bilirdi. Artıq şirkət bu kluba pul xərcləmir, pul qazanır. Nabi Keytanı “Liverpul”a 65 milyon avroya satdılar. “Zalsburq” onu Fransadan 1,5 milyona almışdı.
Əvvəla, “Neftçi”yə BAŞ MƏŞQÇİ lazım deyil! Məşq işini köməkçiləri edər. “Neftçi”yə müasir futbolda coach deyilən idarəçi lazımdır. Yurgen Kloppdan nümunə vermək istədim, amma yadıma Qurban Qurbanovun qonağı olarkən şahid olduqlarım düşdü. Heç ağlınıza gəlir ki, Qurban Qurbanov nə vaxtsa “Azarkeş kimdir ki, qərarı rəhbərlik verir” cümləsini qursun? Eyni anda həm ölkə prezidentiylə, həm universitet rektoru ilə, həm mənim kimi sıravi nəfərlə, həm azarkeş qrupu ilə, həm bütün futbolçularla doğru ünsiyyət və münasibət normasını saxlaya bilən, bütün klubu idarəetmə komandası ilə birgə idarə edən, harada hansı sözləri işlətməli olduğunu bilən nümunə. Tərifləmək deyil bu. Bu, idarəetmədir, yəni menecment. Futbol da işdir.
Bəli, Azərbaycan futbolunun ehtiyacı bəllidir: Güclü “Neftçi”!
Bəli, “Neftçi”nin də ehtiyacı bəllidir: Doğru idarəetmə… Amma…
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin