“Neftçi”yə şeir yazdılar, rəhbərliyi ələ saldılar – “Növbəti dayanacaq yəqin ki, “Kolxoz Liqası” olar”
“Neftçi” Çempionlar Liqasından sonra Avropa Liqasında da mübarizəni erkən dayandırdı. “Ağ-qaralar” bundan sonra yoluna Konfrans Liqasında davam edəcək. Bakı klubunun Avroliqada səfərdə Finlandiyanın HJK komandasına böyük hesabla (0:3) uduzaraq mübarizəni dayandırması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Komanda.az futbol adamlarının (əksəriyyəti idman yazarları) “Neftçi”nin məğlubiyyəti ilə bağlı sosial şəbəkədə paylaşdıqları fikirlərdən bəzilərini təqdim edir:
Elnur Məmmədli
“Oyunu udmaq da olar, uduzmaq da. Amma Samir Abasovun son açıqlamalarına baxanda belə başa düşmək olar ki, sanki adam Kamran Quliyevin “Neftçi”dən getməsi üçün hər şey edir. Elə bil HHQ (Hərbi Hava Qüvvələrinin) atdığı desantdır. O da başqa məsələ ki, klub prezidenti baş məşqçiyə deyə bilmir ki, bu nədir, hər mətbuat konfransında deyirsən oyunçu yoxdur?”
Elçin Əhmədov
“Neftçi” hamıya uduzur, amma hələ də Avropada yoluna davam edir”.
Kənan Məstəliyev
“İşiniz olmasın, “Neftçi”də hər şey əladı. Xeyir ola təkcə trolları tərifləyir, bəlkə, biz də bir ağız şəninə şeirlər deyək?”
İlkin Xəlilov
“Neftçi”, sən HİK-Mik-in qarşısında rüsvay olası komanda deyildin, adına flaqman dedik, tarix dedik, daha demədik ki, Kamran Quliyev kimi iddiasız, sponsorlar qarşısında bir transfer üçün belə sözü keçməyən prezidentin oyuncağına çevriləsən. ÇOX Biabırçı!! 24 il əvvəl Azərbaycanda futbol yox kimi idi, topa “kos” deyirdik, amma Finlandiya klubunu gedib səfərdə udurduq. Nə günlərə qaldın, “Neftçi”… Çempionlar Liqasından Avropa Liqasına, ordan da Konfrans Liqasına. Növbəti dayanacaq yəqin ki, “Kolxoz Liqası” olar…
Transferə pul xərcləmə, Kamran Quliyev, mətbuatdakı yalağalara pul burax, qoy səni və komandanı göylərə qaldırsınlar… Bu axşam oyuna baxıb, ünvanınıza kim nə dedisə, “halal xoşunuz”, nuş edin!!!”
Ağahüseyn Əzizov
“Neftçi”nin Avropa Liqasındakı dünənki rüsvayçı məğlubiyyətindən təsirləndiyimdən, bir neçə sətir yazmalı oldum:
Üstün gəlmədin sən HİK-ə,
Məyus olub bütün ölkə,
Utanıb-qızarasan bəlkə,
Ay “Neftçi”, ay “Neftçi”…
“Neftçi” adını daşıyırsan,
Bu ad böyük məsuliyyət.
Bu nə gündür yaşayırsan?
Nəsibin də məğlubiyyət…
Heyf o çempionluqdan,
Bax, gör kimdir səni udan,
Səbr versin bizə yaradan,
Ay “Neftçi”, ay “Neftçi”…
Təpərin olsun bir tikə,
Gətirmə adına ləkə,
HİK-ə uduzursan, HİK-ə!
Ay “Neftçi”, ay “Neftçi”…
Azarkeş edir şikayət,
Yoxdur sənə bəraət,
Ayılginən nəhayət,
Ay “Neftçi”, ay “Neftçi”…”
Saleh Arslan
“Neftçi” PFK, o samovar var idi e, keçən il dəmə qoymuşdunuz ruslar üçün, noldu onun axırı? “Kstati”, ümid edirəm, bu dəfə də İstanbula bilet almamışdınız, məsəli səndən uzaq, uzunqulaq da palçığa bir dəfə batar”.
Zaur Xudiyev
“Mamadu Mbodjun “Neftçi”yə vurduğu ziyanı heç bir rəqib komandanın oyunçusu vurmayıb”.
Vüsal Qəmbərov
“Heç nə olmasa, tarixə düşəcək “Neftçi”. Avrokuboklar tarixində bir mövsümdə 3 dəfə dalbadal ələnən klub kimi… Ya da klublardan biri kimi. “Jalgiris”, “Flora”, “Linkoln” və “Kayrat” da bu “uğur”a imza ata bilər”.
Erkin İbrahimov
“Neftçi”nin hazırkı heyətindən cəmi 3 legioner “qrupluqdu”. Qalanlardan Harramiz, Bask, Laval kimilər sadəcə say düzəltmək üçündür. Mbodj isə az qala hər oyunda rəqibləri sevindirir, di gəl ki, start heyətinin əvəzedilməz simasıdır.
Klub televiziyası, sosial şəbəkələrdəki görülən işlər nə qədər möhtəşəm olsa da, sonucda meydanda nəticəni futbolçular müəyyənləşdirir. Seleksiya bir klubu üst səviyyəyə də qaldıra bilər, rəzalətə də gətirib çıxara bilər.
Simvolik haldır ki, “Qarabağ” növbəti mərhələyə komandaya yeni qoşulmuş bir futbolçunun qolu hesabına keçdi. “Neftçi”də isə aparıcı simalar elə həmin Stankoviç, Kane, Buqrin, Mahmudovdu. Düşünülmüş transfer siyasəti çempionluq qazanmış komandanın gücünə güc qatmalı idi, di gəl ki, Samir Abasov hələ “Zirə”də çalışarkən göstərdi ki, seleksiya onun bir məşqçi olaraq ən zəif nöqtəsidir. Üstəgəl, Namikin olmaması komandanı çox zəiflətdi. Bilmirəm nədən bombardirə elə mövsüm bitəndə yeni müqavilə təklif olunmadı.
HİK zəif bir komandadı. Ümümiyyətlə, xatırlamıram ki, nə vaxtsa bir fin klubu qruplara qatılsın. Artıq bu oyunu unudub “Makkabi”yə qarşı matçlara hazırlaşmaq lazımdır. İnanmaq istəyirəm ki, ölkə çempionu payızda da avrokuboklarda oynayacaq. Ən azından “Olimpiakos”a qarşı sərgilənən oyun ümid yeri qoyur.
“Qarabağ” isə ən xoş sözlərə layiqdir. Çətin Kipr səfərində komanda xarakter göstərərək, məğlubiyyətdən qurtuldu. Bu gün də emosiyalara qapılmayaraq, təmkinli oynadılar və sonda bir qol ilə mərhələ adladılar. Hər iki klubumuzu qrup mərhələsində görmək ümidi ilə…”
Rəşad Ergün
“Neftçi”yə erməni Aşotu rəhbər vəzifəyə qoysaydılar, komandanı bu cür biabır edə bilməzdi. Afərin, Elxan Məmmədov, “molodes”, Kamran Quliyev”.
Bizi Facebook-da izləyin