“Neftçi”nin təklifini qəbul etmək çətin olmadı” – Ataa Caber
“Neftçi”nin təklifini qəbul etmək çətin olmadı. Çünki təklif aldıqdan sonra klubla maraqlandım. Ölkə xaricində oynamaq istəyirdim. Ona görə də bu qərarı verdim”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Ataa Caber klubun rəsmi televiziyasına müsahibəsində deyib.
İsrailli futbolçu, məşqçi və oyunçu heyətinin onu çox yaxşı qarşıladığını söyləyib:
“Komandadakı ab-havanı bəyənirəm. Buradakıların hamısı peşəkardır. Bunlar mənə futbolçularla dil tapmaqda və kollektivə uyğunlaşmaqda daha çox kömək olur”.
Ataa Caber “Neftçi”nin İsrail çempionatından transfer etdiyi digər futbolçular Kenni Sayef və Qodsvey Donyonun ona köməyi dəyəcəyini də deyib:
“Sayeflə ötən mövsüm “Aşdod”da birlikdə oynamışıq. Onu çox yaxşı tanıyıram. Donyo ilə isə 2-3 dəfə çempionat matçında üz-üzə rəqib olmuşuq. Biz həm meydanda, həm də kənarda eyni dildə danıırıq. Öz üzərimizdə dayanmadan çalışır, məşqlər edirik. Bütün bacarığımızı ortaya qoyuruq. Əminəm ki, rəsmi oyunlaradək tam hazır vəziyyətdə olacağıq”.
O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri olan Kipr “Aris”i barədə məlumatının olmadığını vurğulayıb:
“Məşqçilər heyətini rəqibi analiz edir. İnanıram ki, bizi oyuna tam hazırlayacaqlar”.
Caber “Neftçi” azarkeşlərindən də danışıb:
“Azarkeşlər haqqında çox məlumatım var. Komandaya faydalı futbolçu olmaq və qazanıla biləcək bütün titulları əldə etmək üçün sonadək vuruşacağam. Bunu sizə əminliklə deyirəm”.
Caber “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.
Bizi Facebook-da izləyin