“Dabo və ya başqaları bu günə kimi “Neftçi”də nə ediblər ki, bundan sonra nə edəcəkdilər?!” – Müsahibə

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov son günlər Bakı klubunda baş verənlərlə bağlı Komanda.az-ın suallarını cavablandırıb.

Süleymanov, Donald Geryenin komandadan ayrılması, Baqali Dabonun mövsümün sonunda getməsi haqda və klubun idarəçiliyindəki problemlərdən danışıb:

  • Tahir bəy, sizcə, “Neftçi”də nə baş verir? Gerye 13 oyun oynayıb, klubdan ayrıldı. Dabo da mövsümün sonunda “Apollon”a gedəcəyini açıqladı.
  • Uzun müddətdir illərimizi həsr etdiyimiz doğma komanda ilə bağlı münasibət bildirmirəm. Proses bitəndən, “bomba” partlayandan sonra fikir söyləmək asandır. Ən azı “bomba partladı” diaqnozu qoyulur. Əsas, öncədən təhlillərin aparılması, əsaslandırılması, “mina”ların zərərsizləşdirilməsidir. Aylar, hətta illər öncə mövcud vəziyyəti təhlil etmiş və “Neftçi”dəki durumun nə ilə nəticələnəcəyini bildirmişik. Bu, böyük məsuliyyət tələb edir. İstənilən klubdan futbolçular gedir və gəlir. Önəmli olan strateji olaraq komandanın düzgün qurulması, idarə olunmasıdır. Transfer siyasəti zərgər dəqiqliyini tələb edir. Dünya futbolunda hətta 5-dən 3-ü uğurlu alınırsa, nəticələr göstərilirsə, normal sayılır. Daha yüksək göstəricilər əla, mükəmməlliyə daha yaxındır. “Neftçi”də nəticə yoxdursa, deməli, görülən işlər fiaskodur. Təlim-məşq toplanışı bitəndən sonra hazır olmayan, ödənişli Gerye niyə gətirilmişdi?! Dabo və digər legionerlər də öz yerində… “Neftçi” kimi klubda iddiasına uyğun, bütün mövqelər üzrə balanslaşdırılmış komplektləşmə mütləqdir.
  • Sizcə, futbolçuların belə addım atması nəylə bağlıdır?
  • Məsələlərə kompleks yanaşılmalıdır. İstənilən komandanı müxtəlif səbəblərə görə futbolçu tərk edə bilər. “Neftçi”də isə 5-6 ildir eyni, oxşar proseslər davam edir. Futbol baxımından həddindən artıq uzun yoldur. Bu səbəblər araşdırılmadan “Neftçi”nin dirçəlməsi mümkünsüzdür. Hansısa futbolçunun addımı detallardır. İstənilən ağacın yaxşı bar verməsi üçün kökü sağlam olmalıdır. Görüntü xarakterli kosmetik calaqlarla, başaldatmalarla keyfiyyət olmaz. Çox vaxt futbolçular günahlandırılır. Tək-tək, fərdi halda baş verirsə, razılaşmaq olar. Fanatlar emosional fonda istənilən fikir səsləndirə bilərlər. Onlar üçün fərqi yoxdur, rəhbər, məşqçi, futbolçu kimdir. Azarkeşlərə sevimli komandalarının titulları, çempionluqları, kubokları vacibdir. Uğursuzluq davamlı xarakter daşıyırsa, bu, rəhbərlikdən, məşqçilərdən tutmuş, əksər futbolçulara kimi, hamısına aiddir. “Neftçi”dəki anti-rekordların dərinliyi 1-2 futbolçunun gediş-gəlişində yox, eyni xətt üzrə baş verən yarıtmaz kadr islahatlarındadır. Belədə, futbolçunun istədiyini etməsi təbiidir.
  • Dabonun mövsüm bitməmiş ayrılacağını açıqlaması qalan 8 turdakı oyununa necə təsir edəcək?
  • Dabo və ya başqaları bu günə kimi “Neftçi”də nə ediblər ki, bundan sonra nə edəcəkdilər?! Böyük futbolda futbolçuların yaşıl meydana çıxması son görünən tərəfdir. Qələbələr ilk öncə klubda, idarəçiliklə, məşq proseslərində, futbolçularla davranışda, intizamda, “Neftçi”nin adına layiq iddiaların müəyyənləşməsində, klub-komandanın bir ailə kimi olmasında, azarkeşlərə münasibətində, özünəinamı ilə meydana çıxmamışdan öncə qazanılır. Fikir verin, zamanında Roberto Bordin kluba gətirilən kimi qəti fikrimi bildirdim, “Neftçi” növbəti iki ilini də itirdi! İtalyanın ilk geniş müsahibəsindən sezilirdi, rəhbərliyin futbol potensialını oxumuşdu, susuz aparıb, susuz gətirəcəkdi. Belə də oldu. Eynilə Dabo və digər futbolçular… Tənqidi, eyni zamanda pozitiv fikirlərin özü “Neftçi”yə kömək idi. Qəbul etmək əvəzinə, təkəbbürlüyə, fanatlar arasında cəfəngiyyatlarla dolu şaiyələrə üstünlük verildi. İşini bacarmayanların şakəridir. Uğursuzluqdan gözlər o qədər qorxub ki, sponsor, azarkeşlər qarşısında vaxt udub yerli, əcnəbi transferlər edildi, məsuliyyətdən qaçıldı, özləri üçün vaxt qazanıldı. 8 tura komanda 8 xal geridədir, kubok da çoxdan əldən çıxıb. Rəhbərlik də gecə-gündüz 2-3-cü yerlərin medallarını boyunlarından asıb nailiyyət sayırlar. Nəticə yox, titul yox, yuxarıdan da sıxmalar yəqin ki, pik həddə çatıb. Dabo oynadı nə olacaq, oynamadı nə olacaq…
  • UEFA koronavirusun yaratdığı fasiləyə görə futbolçuların mövsüm bitənə kimi müqavilələrinin uzadılmasına qərar vermişdi.
  • Klub-futbolçu arasında ümumi razılaşma olmalıdır. Bir daha vurğulayım, “Neftçi”nin problemləri dabolar, geryelər deyil, daha dərindir. Üzdən yanaşmalar kimlərinsə xeyrinə ola bilər, “Neftçi” camiəsinin isə ziyanınadır. Qızıldan qiymətli illər itirilir. Futbolçular özbaşına komandaya gəlmirlər, gətirilirlər. Böyük ölçüdə, “Neftçi”nin rəqabətsiz “Bakı birinciliyi”ndə 2-ciliyi təmin etməsi üçün heç rəhbərliyə, əcnəbi məşqçi, çoxsaylı legionerlərə ehtiyacı da yoxdur. “Xəzər Lənkəran”, “Bakı”, əvvəlki “İnter”, “Qəbələ”, heç indiki komandalardan daha güclü olmuş “Simurq”, AZAL da yoxdur. Belə durumda “Neftçi”nin adı artıq avrokuboka vəsiqəni təmin edir. İndiki şəraitdən “Sabah”, “Zirə”, “Keşlə” kimi rəqiblər də istifadə edə bilmirlər. Çünki ümumi futbolda, klub idarəçiliyində mövcud sistem eynidir. 2-3 klubu çıxmaq şərtilə, hamısının rəhbər-idarəçiləri AFFA-nın baş katibinin kabinetindən keçir. Federasiyanın hazırki icraçı vitse-prezidenti Elxan Məmmədov 10-12 əvvəl təcrübəsiz idi, Yurgen Gedeni özü aparıb “Neftçi”nin bazasında komandaya təqdim edirdi. İndi püxtələşib, futbolda müstəqil klublar da yox dərəcəsindədir. Klublara göndərilən kadrlarla bağlı sual verilsə, cavab bir olar, “mənlik deyil”. “Neftçi”yə son 6 ildə göndərilən idarəçi- səlahiyyətlilərin hamısı qapalı 5-ci mərtəbədən xeyir-dua alıb. Hətta xatırlayırsızsa, indiki vitse-prezident Elnur Eyvazov kluba təyinat alanda, o dövr üçün daha yüksək vəzifəyə təsdiq edilmişdi. Qısa müddətdə val dəyişdirildi. Kamran Quliyev də, öncəkilər də bir mərkəzdən idarə olunurlar.
  • “Neftçi” mövsümün qalan hissəsində Geryenin köməyindən istifadə edə bilməyəcək. Bu, komandanın çıxışına necə təsir göstərəcək?
  • “Neftçi”nin dərdi geryelər deyil. Komandaya niyə xalq komandası deyilir? Tək tarixinə görə yox, çünki kluba xalqın, dövlətin pulları xərclənir. Kimsə şəxsi vəsaiti ilə klubu idarə etmir. Bunun məsuliyyəti çox böyükdür. “Neftçi”yə heç bir nəticə vermədən, 10 milyon dollarla maliyyə ayrılır. Kluba göndərilmiş əlaltılar öz yerində, ilk növbədə, ən böyük məsuliyyəti təsisçilər, sponsorları təmsil edən şəxslər daşıyır. “Neftçi”də onlar Mikayıl İsmayılov, Müşahidə Şurasının üzvləri Cəbrayıl Cəbrayılov və Zaur Qəhramanovdur. Əsas yük maliyyəyə nəzarət edən iki məsulun üzərinə düşür. Birbaşa cavadehlik onlardadır. Bu şəxsləri çox yaxşı tanıyırıq, 5 il bir yerdə çalışmışıq və heç vaxt “Neftçi”nin işinə müdaxilə olunmayıb. Çempionluqlar da, kuboklar da, qrup uğurları da görüblər. “Neftçi”yə təzyiqlər başqa yerlərdəndir. Artıq növbəti 5 ildir ki, indiki anarxiya göz önündədir. Sabah futbol ideoloqları yaxalarını kənara çəkəcəklər, heç biri məsuliyyət, cavabdehlik daşımayacaqlar. Kadrlar onların, imza, məsuliyyət başqalarının. Belə olmur. Bunları bilməmiş də deyilllər. “Neftçi” elə bir klubdur ki, heç vaxt zarafatı sevməyib. Səviyyəsiz legionerlər “Neftçi”nin yolunu bazar yoluna çeviriblər, illərlə əziyyət çəkilən öz yetirmələri didərgin salınıb. Emil Balayev, Rahil Məmmədovdan tutmuş, gənc Musa Qurbanova kimi yola salınıb. “Neftçi” nüfuz sahibi idi, “Qarabağ”ın baş məşqçisinin övladı da “Neftçi”də yetişirdi. İndi isə 4-5 ildir klubda heç bir nəticə qazanmayan futbolçular saxlanılır, istedadlar yola salınır. Belə klub strategiyası ilə “Neftçi” ciddi uğurlar qazana bilməz.
  • Bəs Dabo? “Apollon” “Neftçi”dən daha üstün bir komandadır ki, Dabo belə bir seçim etdi?
  • “Neftçi” heç Milan “İnter”ini özündən üstün saymayıb. Kiprdə isə “Neftçi”ni ən böyük klubları APOEL yaxşı tanıyır.
  • Stiven Monrozun, Soni Mustivarın da komandadan ayrılacağı şaiyələri var. Bu legionerlərin “Neftçi”dən ayrılması yeni mövsümöncəsi komandaya nə kimi təsir göstərəcək?
  • Bu mövzuda fikirlərimizi çoxdan bildirmişik. “Neftçi”ni “Qəbələ”-2-ə çevirmək bağışlanmaz addım idi. Müqaviləsi davam edən futbolçu razırlıq almadan heç yerə gedə bilməz. Səviyyəli futbolçuların ən böyük keyfiyyətlərindən biri stabil çıxış etmələridir. Monroz, Dabo kimi futbolçular əhlikefdilər. Bir oyun oynayırlar, beş oyun yox. Bunlar zamanında analiz olunmalıydı. Digər tərəfdən, qruplarda çıxış etsələr də, çempionluq sindromları var. “Qəbələ”nin ən yaxşı vaxtlarında futbolçular xarakter göstərib, daxili nailiyyət qazana bilmədilər. Bunlar futbolda çox önəmli psixoloji məqamlardır. Ümumiyyətlə, Azərbaycan futbolunda qəribə tendensiya yaşanır. Sanki dünyada futbolçu yoxdur, yerli klublar futbolçuları bir-birinə ötürməklə məşğuldurlar. Təsəvvür edin, komandalarda seleksiya işi hansı vəziyyətdə, nəzarətdədir. Azərbaycanda çıxış edə biləcək minlərlə futbolçu var. Klubları elə ələ alıblar ki, ötür-ötür oyunudur, prezidentlər, direktorlardan tutmuş legionerlərə, forma monopoliyasına kimi… Əsas futbol deyil, 5-də 5 qiymət almaqdır. “Neftçi” təsisçiləri isə nəticələr çıxarana kimi transferlərə qadağa qoymalı, daxili araşdırma aparmalıdır. “Neftçi”nin gələcəyi maraqlıdırsa… Çempionatın davamında isə bilmək olmaz kim necə çıxış edəcək. Necə aydan sonra heç bir komanda hazır olmayacaq. Bu, mümkün də deyil. İstilər, zədələr, keyfiyyət öz yerində, komandaların heyətlərindən asılı olmayaraq oyunlarda istənilən sürpriz nəticələr qeydə alına bilər. Futbolçularla yanaşı, məşqçilər korpusunun üzərinə böyük yük düşəcək. Qısa vaxtda, imkan daxilində hansı məşqçilər futbol elmi yanaşmaları ilə düzgün hazırlıq keçəcəklər, onlar da üstünlük qazanacaq. Belə vəziyyətdə “Neftçi”nin 8 xallıq fərqi azaltmaq şansı da çoxalır, nəinki azalır. Eyni yanaşma 3-4-cü yerlərə oynayan komandalara da aiddir. Ehtiyat qüvvə də çox önəmlidir. Eyni heyət indiki durumda 8 oyun yükünü birnəfəsə çəkə bilməz. Avropaya yol da çempionatdan keçir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button