“Neftçi”də hələ uzun illər oynamaq istəyirəm” – Müsahibə
“Neftçi”nin hücumçusu Ramon Maçado klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, 2021-ci ili dəyərləndirən braziliyalı futbolçu yeni ilin həm özü, həm də “Neftçi” üçün uğurlu və düşərli olacağına inandığını bildirib.
- 2021-ci il geridə qalmaq üzrədir. Yeni il bayramını necə qeyd edəcəksən?
- Hazırda Braziliyadayam və Yeni il bayramını ailəmlə birlikdə qeyd edəcəyəm. Yanvarın 3-də Bakıya qayıdacağam deyə, bayramı qeyd etmək üçün elə də çox vaxtım yoxdur. Vətənimə dincəlmək, daha çox enerji toplamaq üçün gəlmişəm.
- 2021-ci ili, həmçinin bu mövsümün ilk hissəsində “Neftçi”nin çıxışını və öz oyununu necə dəyərləndirirsən?
- Öz çıxışımdan, demək olar, razı qaldım, amma düşünürəm ki, mən daha yaxşı oynaya, komandamız isə daha yaxşı nəticələr göstərə bilərdi.
- Ağ-qara formada meydana çıxdığın 11 oyunda 3 qola imza atmısan. Necə düşünürsən, daha çox qol vurmağına nə mane oldu? Ümumiyyətlə, mövsümün ikinci hissəsində “Neftçi”dən və öz oyunundan nə gözləyirsən?
- Hesab edirəm ki, vurduğum 3 qol məni qarşıdakı oyunlarda daha çox fərqlənmək üçün ruhlandıracaq. İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq.
- Peşəkar karyeranın lap əvvəlində Almaniyanın “Regensburq” klubundakı çıxışını nəzərə almasaq, Azərbaycan sənin legioner həyatı yaşadığın ilk ölkədir. Ölkəmiz və paytaxt Bakı haqqında nə deyə bilərsən?
- Azərbaycan və Bakı sözün həqiqi mənasında məni təəccübləndirdi. Mən və ailəm bu gözəl şəhərdə çox xoşbəxtik. “Neftçi”də hələ uzun illər oynamaq istəyirəm.
- – Yəqin ki, qış fasiləsindən sonra azarkeşlər səndən daha çox qol gözləyəcəklər. Onlara sözün varmı?
- “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün indi özümü daha hazır hesab edirəm. Azarkeşlər mənim timsalımda meydanda daha güclü və daha iradəli futbolçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.
- Yeni–2022-ci ildən gözləntilərin nədir?
- Yeni ildən gözləntilərim çoxdur. Arzu edirəm ki, daha çox oynamaq şansı qazanıb, daha çox qollar vurum və “Neftçi”nin məqsədinə çatması üçün yaxşı nəticələr göstərməsində faydalı olum.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin