“Neftçi”nin keçmiş vitse-prezidentindən Hondanın transferi ilə bağlı AÇIQLAMA
Yaponiyalı tanınmış futbolçu Keysuke Honda nəhayət, bu gün Bakıya gəldi. 34 yaşlı futbolçu martın 15-də “Neftçi” klubu ilə rəsmi müqavilə bağlayacaq. Hondanın Azərbaycan Premyer Liqasına üz tutması dünya mətbuatında sükutla qarşılansa da, Azərbaycanda bu keçid hazırda futbol camiəsinin əsas gündəmidir. “Neftçi”ni karyerasının qürubunda olan Hondanın transferi üçün tənqid edənlər də var, təqdir edənlər də. Bakı klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanovun da Hondanın transferinə maraqlı yanaşması var:
“Hondanın “Neftçi”yə gəlişi müxtəlif aspektlərdən müzakirə edilir, subyektiv, obyektiv yanaşmalar, azarkeş fikirləri var. Təkcə yapon futbolçu üzərində deyil, məsələyə daha geniş baxılmalıdır. Müasir futbol dünyada çoxşaxəli, bir-birinə sıx bağlı olan, təkan verən industriyaya çevrilib. Futbol təsərrüfatı, klublardan tutmuş sponsor-biznes sahələri, TV-media, marketinq-satış, azarkeş, təbliğata kimi özündə birləşdirir. Ölkə, futbol ictimaiyyəti, ümumilikdə cəmiyyət olaraq buna hazır olmalı və bu yöndə qarşılıqlı, davamlı əməli addımlar atılmalıdır.
Son 15 ildə, futbola fantastik pullar axını dövründə Azərbaycana daha populyar, tanınan adlı-sanlı futbolçu-məşqçilər gəlib. Ölkə futbolu, futbol ictimaiyyəti istər quruculuqda, təqdimat-təbliğatda, istərsə ümumi futbol idarəçiliyində buna hazır deyildi. Qeyd olunan problemlərlə yanaşı, etiraf olunmalıdır, Azərbaycanda üzdən yanaşmalar, pozitiv tənqidlərdən daha çox dağıdıcı münasibət, 5-10 il öncəni görməmək, görmək istəməmək kimi amillər üstünlük təşkil edir.
Fikir verin, Avroliqanın qruplarını qəbul etməyən futbol ictimaiyyəti, indi Avroliqanın özünə belə, həsrət qalacaq, əlçatmaz zirvə kimi görünəcək. Baxmayaraq ki, UEFA klublar əmsalında demək olar ilk 20-likdə idik və ilk 15-liyə az qalmışdı. Artan trayektoriya ilə inkişaf davam edilsəydi, hədəflər real görünürdü. İndi tam əksidir, klublar dağılıb, 30-cu yerə yuvarlanırıq, Konfrans liqasındakı “iclas”lar ölkə futbolunu gözləyir. Azərbaycan futbolunda hər şeyin qara rəngdə təqdim olunması, idarəçilikdəki problemlər, strateji səhvlər, az sayda klub uğurlarının da üstündən xətt çəkir, rəqabəti azaldır, ümumi səviyyə aşağı düşür. Artıq çoxdan düşüb. Uzaqda olmayan yaxın keçmişdə Azərbaycan Premyer Liqasının hər turunda minimum 2-3 qarşılaşma Avroliqa qrupu, pley-offu səviyyəsində keçirilirdi. Nə qədər maneələr, problemlər yaradılsa da, pillə-pillə, çətinliklə də olsa, irəliləyişə nail olunurdu. İndi nə “Xəzər Lənkəran”, “Bakı”, “Karvan”, “Simurq”, “MKT-Araz”, “Kəpəz”, “Turan”, AZAL, hətta bugünkü “Qəbələ” belə, yoxdur. Futbolda olan səlahiyyət sahibi dağıdıcı qüvvələr imkan vermədilər. Təbii ki, klub idarəçiliyində də baş verən problemlər qeyd edilməlidir.
İndi Honda kimi futbolçuların Azərbaycana gəlməsi, yaxın dövrə baxanda kiçik qığılcımdır. Azərbaycan futbolunda təəssüf ki, futbol mədəniyyəti formalaşmayıb. Buna nail olanlara, istəyənlərə də imkan verilmir, əksinə, ayaqlarından çəkilir, dağıdılır. Futbolun yüksək tempdə qalmasının, şəraitinin yaradılmasının mütləq 4-5 faktoru var. Sponsor-biznes-reklam, teleyayım, bilet-forma-atribut satışları gəlirləri, yerli-legioner futbolçu transferi gəlirləri və ən əsası da, böyük futbolu bilmək. Bunların baş verməsi üçün ilk olaraq ölkə iqtisadiyyatı hazır olmalı, futbol təsərrüfatı düzgün idarə olunmalı və media-təbliğat maşını cəmiyyəti hazırlamalı, inkişafa aparmalıdır. Bunların böyük əksəriyyəti Azərbaycan futbolunda formalaşmayıb. Bir futbolda ki, imkanlı şəxslər qrup oyunları üçün klublardan VİP bilet, forma istəyir, hətta tələb edirlər, “yox” deyəndə olmazın maneələr yaradırlar, TV yayımlardan klublar nəinki gəlir götürmək, kvalifikasiya oyunlarının təşkilini həll edirlər, hansı forma, bilet satışından, gələn məşhur futbolçulardan gəlir götürmək olar?! Ölkə futbolunda bunları düşünmək utopiyadır. Azərbaycan futbolunda klubların önəmli gəliri ancaq UEFA qruplarından gələ bilər və ən yaxşı halda ara-sıra kənar şirkətlərdən, futbolçu satışından cüzi qazanc əldə edilə bilər. Bu da illik klub xərclərinin heç 5-10 faizi etmir. Azərbaycanda azarkeşlərin futbol tələbləri yüksəkdir, Avropa səviyyəsindədir, belə də olmalıdır. Bununla yanaşı, ingilis klubları mövsüm ərzində təkcə bilet satışından 100-200 milyon dollar gəlir əldə edirlər. Üstəgəl teleyayım və digər gəlirlər…
Hondanın “Neftçi”yə nə xeyir verməsini yaxın zaman göstərəcək. Bu da yapon futbolçunun indiki fiziki durumundan, məşqçilərin ondan necə istifadə etmək bacarığından asılı olacaq. Azərbaycan futbolu artıq kifayət qədər Avropada tanınır, klublarımız 8-9 ildir davamlı olaraq qruplarda çıxış edir. Yuxarıda qeyd olunanlarla yanaşı, istiqamət strateji olaraq bu yöndə aparılmalıdır. Yaxın müddətdə ölkə futbolunda köklü islahatlar aparılmasa, bölgə klubları bərpa edilməsə, çempionatda rəqabət, keyfiyyət təmin edilməsə, kosmetik addımlarla heç bir irəliləyiş ola bilməz”.
Sahin Cəfərov
Bizi Facebook-da izləyin