Honda: “Azərbaycan haqda heç vaxt eşitməmişdim”
“Neftçi”nin futbolçusu Keysuke Honda “Neftçi TV”-də yayımlanan “Həmsöhbət” verilişinin qonağı olub.
Komanda.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi, verilişdə “Neftçi”yə keçmə səbəbindən, Azərbaycan və ölkə futbolu haqda fikirlərini bildirib:
“Koronavirus pandemiyasının başlamasından sonra klub tapmaq çətin idi. Özümə uyğun komanda tapa bilmirdim. Bir çox yerlərdə transfer pəncərəsi dövrü bitmişdi. Yaponiyaya qayıtmaq istəmirdim. Yeni çağırış gözləyirdim və buna görə “Neftçi”ni seçdim. Burda çempion olmaq şansım var. Bu, məni həyəcanlandırır. Burda olduğum üçün xoşbəxtəm.
Azərbaycan çempionatı haqda geniş məlumatım yoxdur. Hələ üç oyun keçirmişəm, ancaq düşünürəm ki, çempionat yavaş-yavaş inkişaf edir. Burda inkişaf edən gənc futbolçular və futbolu sevən azarkeşlər var. “Neftçi” Azərbaycanın ən böyük klublarından biridir. Bunu hər zaman hiss edirəm, xüsusilə də, meydanda. Hər oyunda nəzarət bizdə olur. Eşitmişəm ki, “Qarabağ” 5-6 mövsümdür çempion olur. İndi bizim də çempionluq şansımız var. Bu, asan deyil, lakin qalib olmaq istəyirəm.
Azərbaycan haqda heç vaxt eşitməmişdim. Onu bilirdim ki, Yaponiya millisi ilə yoldaşlıq oyunu çərçivəsində Azərbaycan yığması ilə üz-üzə gəlmişdim. Azərbaycan şəhərləri və mədəniyyəti haqda məlumatım yoxdur. Burda hər şey mənim üçün yenidir. Bu mədəniyyətə alışmaq lazımdır.
Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. “Qəbələ” ilə matçda istəyirdim ki, hakim VAR-a baxsın. Yoxluğundan xəbərim yox idi. VAR sistemi lazımdır. Hakimlər çox səhv edir. Onlar da insandır və səhv edə bilərlər. Hakimlərin səhvlərini düzəltməsi yaxşı olardı. VAR sistemi hakimlərin öz üzərlərində işləməyinə imkan verir”.
Honda “Neftçi” ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin