“Allah eləməsin, belə danışmayaq” – Müsahibə
“Neftçi”nin baş məşqçisi Samir Abasovun Komanda.az saytına müsahibəsi:
- Samir bəy, koronavirusdan yeni sağalmısız, səhhətiniz necədir?
- İndi şükürlər olsun ki, yaxşıyam. Açığı, virusu yaxşı keçirmədim, həddindən artıq güclü rejimdə müalicə aldım. Nəfəs almamda çətinlik var idi, ümumilikdə ağır keçirdim. Şükürlər olsun ki, yavaş-yavaş düzəlirəm. Düzdür, fəsadları var, ancaq o da keçəcək.
- Artıq komandanın başında məşqlərə başladız. Fəsadlar deyirsiz, bu, sizin işinizə çox təsir etməyəcək?
- Yox, işimə mane olmaz. Hazırda əsas mənim yox, futbolçuların durumudur. Görürsən ki, uşaqlar tam hazır deyil, istədiklərini edə bilmirlər. Virusun fəsadları onlara təsir edir, mən elə də önəmli deyiləm.
- Virusdan yeni sağalan futbolçuların məşq performansı necə oldu?
- Təkcə bizdə deyil, bütün komandalarda vəziyyət yaxşı deyil. Mən öz komandama cavabdehəm. Uşaqlar bədən olaraq ölürlər. Xüsusilə də, idmançılar üçün sonradan bərpa müddəti çətin olur.
- Qarşıda Premyer Liqanın 12-ci turu çərçivəsində “Sabah”la oyununuz var. Bu vəziyyətdə komandanızdan nə gözləyirsiz?
- Təqvim baxımından oynamalıyıq. Mən nə qədər şikayət etsəm də, bütün komandalarda vəziyyət eynidir. Oyuna çıxan iki komandanın da vəziyyəti eynidir. Məqsədimiz “gəmi”də qalmaqdır. Ona görə də, çox risk edə bilmirik. Tək fikrimiz oyundan sağ-salamat çıxmaqdır. Məşqdə də görürsən ki, uşaqlar istənilən vəziyyətdə deyil. 14 gün hərarəti olan, məşq etməyən adamdan bir həftə ərzində nəsə istəmək olmaz. İnsani baxımdan götürsək, istədiyimizi ala bilmərik. Bax, bu oyundan nə gözləyək? Oyun baxımından heç nə gözləmirik, sadəcə, bizi rahatladan odur ki, hər iki komandada vəziyyət eynidir.
- Bütün komandalardakı durum göz qabağındadır. Peşəkar Futbol Liqasının çempionatın davam etdirilməsi yönündə aldığı qərarı düzgün hesab edirsiz?
- Açığı deyim, şükür eləməliyik ki, açıq havada idman yarışlarına icazə verilib. Yadınıza gəlir də, martda futbol dayanmışdı və necə dilxorçuluq idi. Bu, təkcə bizə yox, azarkeşlərə, sponsorlara da təsir edir. Burda PFL söhbəti deyil, təkcə onlara deyil, hökumətə də təşəkkür etməliyik ki, bizə oynamağa icazə verdilər. Çətin də olsa, davam etdirməliyik.
- Komandanın qış hazırlığının Bakıda keçirilməsini düşünürsüz. Hazırlıq planı necə olacaq, effekt verəcəkmi?
- Çox güman ki, hazırlığımız Bakıda olacaq, bəli. Çünki virusla bağlı təhlükə var. Getdiyimiz yerdə belə şeylər çıxsa, artıq oranın qaydalarına görə davranmalıyıq və bu da risklidir.
- Mövsümü artıq bitmiş hesab edirsiz?
- Azı qışa qədər qarşıdakı iki oyunu keçirməliyik. Onlardan onsuz da bir şey gözləmirik. Qışdan sonra hər şey yenidən başlamış kimi olacaq.
- Qarşıdakı oyunlarda alına biləcək uğursuz nəticələr klubdakı işinizə təsir etməz?
- Allah eləməsin, belə danışmayaq. Burda hər şey başa düşülən və qəbulediləndir. Oyundan qabaq bir-iki məşqə çıxacağıq və hər kəs futbolçuları da başa düşür. Hər şey ola bilər, udmaq da olar, uduzmaq da. Nə nəticə olur olsun, bizi üzməyəcək. Biz qışdan sonra da yüksək yerlər uğrunda mübarizədə olacağıq. Qarşıdakı iki oyun baxımından bütün komandalarda vəziyət çətindir. Lakin bu, o demək deyil ki, iki oyunu da artıq buraxmışıq. Xeyr, sadəcə vəziyyət ortadadır. Qışdan sonra hər şeyin düzələcəyinə ümid edirəm və hər şeyin yenidən bizim üçün yaxşı olacağına yüzdə yüz əminəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin