“Bunları aradan qaldırsaq, yolumuza istədiyimiz kimi davam edəcəyik” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov “Keşlə”ni məğlub etdikləri yoxlama matçından sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun televiziyasına danışan Abasov, 4:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:
“Bu matçı keçirtməkdə məqsəd oyunçuların ritmdən düşməməsi ilə bağlı idi. Çünki bəzi futbolçular milli komandalarda çıxış edir. Yığmada iki görüş keçirənlər də var. Komandaya tapşırdıq ki, bu qarşılaşmaya yoxmala matçı kimi yox, çempionat görüşü kimi yanaşsınlar.
Düşünürəm ki, oyunçular tam ciddi şəkildə oynadılar və sonra qələbə qazandıq. Bütün futbolçuların çıxışı bu gün məni qane etdi. Zədədən qayıdan Xorxe Korreanın da oyunumuza alışmasını istədik və onu bu səbəbdən meydana buraxdıq. O da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Yoxlama qarşılaşmasının yaxşı tərəfi odur ki, çempionatda az forma şansı əldə edənləri sınaya bilirik”.
Abasov, “Sabah”a qarşı Azərbaycan Premyer Liqasının 9-cu tur oyununa ciddi hazırlaşacaqlarını söyləyib:
“Aparıcı futbolçuların zədəli olması bizi üzür. Sabir Buqrin və Tiaqo Bezerra hələlik komanda ilə birlikdə deyil. “Sabah”la oyuna kimlər hazır olacaqsa, onlar da meydana çıxacaq. “Keşlə” ilə çempionatdakı son oyunda da hər şey yaxşı alınırdı, lakin etdiyimiz səhvlər uzudmağımıza səbəb oldu. Bunları aradan qaldırsaq, yolumuza istədiyimiz kimi davam edəcəyik. Sabir Buqrin və Tiaqo Bezerra komanda ilə məşq edə biləcək durumda deyil. Bezerra bu gün fərdi məşqlərə start verib. Buqrin isə sabahdan başlayacaq”.
Noyabrın 20-də keçiriləcək “Neftçi” – “Sabah” görüşü saat 18:15-də başlayacaq.
Bizi Facebook-da izləyin