![](https://komanda.az/wp-content/uploads/2024/09/affa-loqo.jpg)
“Neftçi”nin baş məşqçisinə başla zərbə vuran şəxsin cəzası açıqlandı
AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə çempionatlarda baş verən insidentlərlə bağlı qərarlarını açıqlayıb.
Komanda.az xəbər verir ki, U-17 Liqasında keçirilən “Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Hüseyn Mirzəyev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyunluq diskvalifikasiya olunub.
“Turan Tovuz”un AFFA U-15 Liqasında çıxış edən komandasının üzvü Raul Paşayev isə 3 oyunluq cəzaya məruz qalıb. Buna futbolçunun “Zirə” ilə matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
Fevralın 6-da AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” oyunu ilə bağlı qərarlar da açıqlanıb.
“Masallı”nın sabiq komanda rəisi Abdulla Xəlilov matçın 69-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə və xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. 69-cu dəqiqədə “Neftçi” rəsmisi Rəşad Hüseynov isə Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.
Görüşdə təhlükəsizlik təmin edilmədiyi üçün meydan sahibləri müstəsna hal kimi 500 manat cərimələnib. Bununla yanaşı, hər iki klubun rəhbərliyinə daxili nizam qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilib.
Bizi Facebook-da izləyin