“Belə şeyləri görəndə bizə çox xoş olur” – Müsahibə
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun Komanda.az saytına müsahibəsi:
- Füzuli bəy, komandanın hazırlığı nə yerdədir?
- Hazırlığımız plan üzrə davam edir. Durumumuz normaldır, qarşıda hələ üç yoxlama oyunu var. Bizim məqsədimiz bir oyun, ya iki oyuna deyil, mövsümə hazır olmaqdır. Ona görə də, planda necə nəzərdə tutmuşuqsa, elə də hazırlığımız davam edir.
- Bunadək iki yoxlama oyunu keçirmisiz. Biri “Sumqayıt”a qarşı, hansı ki, 3:0 hesablı qələbə qazandız, digəri də “Qarabağ”a məğlub olduğunuz görüş. Komanda bu oyunlarda necə təsir bağışladı, hansı boşluqları gördüz?
- İki fərqli oyun idi. Belə deyərdim, “Sumqayıt”la matçda rəqibin çox oyunçusu yox idi, buna görə də, bu oyun haqda danışmaq istəmirəm. “Qarabağ”la matç çox yaxşı oldu. Sürətli oyun idi və məşqçilər üçün də çox informasiyalı oldu. Komandamızın hansı səviyyədə olduğunu gördük və buna görə də, oyun yaxşı oldu.
- Toplanışda özünü yaxşı tərəfdən göstərən – diqqətinizi xüsusi çəkən futbolçular oldu?
- Demək olar ki, bütün futbolçular özünü yaxşı tərəfdən göstərir. Nə tapşırıq veririksə, hamısına əməl edirlər. Çalışırlar ki, maksimumlarını edələr. Belə şeyləri görəndə bizə çox xoş olur, bütün tapşırıqları sevərək yerinə yetirirlər. Bu səbəbdən də, kimisə ayırmaq istəmirəm, hamısı özünü yaxşı tərəfdən göstərir.
- “Neftçi” ilə bir neçə gün əvvəl yeni – 2 illik sözləşmə imzaladız. Qarşınıza hansı hədəflər qoyulub?
- “Neftçi”də işləyirsənsə, hədəflər həmişə ən yüksəkdə olmaqdır. Ona görə də, biz də hər zaman olduğu kimi, yenə də çempionluq üçün mübarizə aparacağıq.
- Komandanız yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq. “Neftçi”nin bu turnirdə yaxşı mübarizə aparması üçün hazırkı hazırlığınız kifayət edəcək?
- Düşünürəm ki, kifayət qədər zamanımız oldu. Qəbələdə toplanışımız çox yaxşı oldu, normal hazırlaşırıq. Oyunları da bacardığımız qədər çox etdik. İnanıram ki, bunlar da bizə kömək edəcək.
- UEFA-nın qərarına görə, avrokubok matçları bir oyundan ibarət olacaq. Bunun sizin üçün hansısa üstünlüyü varmı?
- Avroliqada mərhələnin bir oyundan ibarət olması bir tərəfdən yaxşıdır, bir tərəfdən də pis. Güclü rəqiblərə qarşı bir oyun oynamaq çətindir. Evdə, ya da səfərdə oynamağımız da püşk nəticəsində bilinəcək. Yaxşı tərəfləri də var, amma zəif rəqiblərlə bir oyun oynamaq bir az təhlükəlidir.
- Ötən mövsüm komandanın əsas qol silahlarından olan Baqali Dabo “Neftçi”ni tərk etdi. Onun yerini doldura biləcəksiz?
- Əlbəttə, hücumçu axtarışındayıq, seleksiya işlərimiz davam edir, hələ bitməyib. Bu mövqeyə də oyunçu axtarırıq. Çalışırıq ki, şərtlərimizə, tələblərimizə uyğun futbolçu gətirək.
- Hansı mövqelər üçün oyunçu axtarışındasız?
- Yeni transferlər gözlənilir. Hücum və yarımmüdafiəyə transfer etmək üçün işlər gedir. Çalışacağıq ki, tezliklə bu mövqelərə futbolçular transfer edək. Düzünü desəm, oyunçular da artıq seçilib, sadəcə danışıqlar gedir. Bəzən elə olur ki, danışıqlarımız alınmır, ya futbolçular “yox” deyir, ya da onlar bizim şərtlərimizə uyğun gəlmir. Danışıqlar uğurla nəticələnsə, yeni futbolçular gətirəcəyik.
- Artıq heyətinizi bir neçə futbolçuyla gücləndirmisiz. Yeni gələn legionerlərin komandaya uyğunlaşma prosesi necə gedir?
- Uyğunlaşma problemləri yaşayanlar var. Əlbəttə, yeni futbolçular gələndə bir balaca problemlər olacaq. Bunu “Qarabağ”la oyunda da gördük və bu, normal haldır. Onlara bir balaca zaman lazımdır. Ümidvaram ki, tezliklə bu problemlər aradan qalxacaq.
- Yeni mövsümdə çempionluq yolunda ən böyük rəqibiniz “Qarabağ” olacaq. Son çempionu üstələyə biləcəksizmi və bunun üçün nə lazımdır?
- Məqsədimiz çempionluqdur və bunun üçün çalışacağıq. Əlimizdən nə gəlirsə, onu da edəcəyik ki, komandamız sonda çempion olsun.
- “Zirə” klubunda baş məşqçi postuna Rəşad Sadıqov gətirildi. Onun təyinatını necə dəyərləndirirsiz?
- Rəşadı təbrik edir, ona işində uğurlar arzu edirəm. Düşünürəm ki, çempionatda maraqlı mübarizə gedəcək, Rəşada uğurlar arzu edirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin