“Neftçi”dəki maxinasiya şübhəsinin iziylə – Klub Kamran Quliyevi futbolçu kimi qəbul edir?
“Neftçi” Futbol Klubunun prezidenti kimi tanıdığımız Kamran Quliyevin bəzi dövlət qurumlarının siyahısında, sistemdə futbolçu kimi qeydiyyatdan keçdiyini xəbər vermişdik. FUTBOLÇU Kamran Quliyevin aylıq məvacibinin 10105 manat olduğunu da yazmışdıq. Onu da yazmışdıq ki, bununla bağlı əlimizdə sübut, sənəd var və “Neftçi” klubuna məsələyə aydınlıq gətirmək üçün sorğu göndərmişdik. Amma təəssüf ki, üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, klubdan sorğuya hələ də cavab verilməyib. Bu isə haqlı olaraq yeni suallar, şübhələr yaradır.
Kamran Fikrət oğlu Quliyevin “Neftçi”nin özündə, AFFA-da və Peşəkar Futbol Liqasında futbolçu deyil, klub prezidenti kimi göstərildiyinə şübhə etməsək də, bu dəfə PFL-ə müraciət etdik. Gözlədiyimiz kimi, PFL-ə göndərdiyimiz sorğuya cavab olaraq, klubun Quliyevi PFL-ə komandanın prezidenti kimi tədqim etdiyi bildirildi:
“Salam. Sorğunuza cavab olaraq bildiririk ki, Kamran Fikrət oğlu Quliyev “Neftçi” PFK tərəfindən PFL-ə təqdim olunmuş klub strukturunda komandanın prezidentidir”.
Bu, gözlədiyimiz cavab idi. İşin qaranlıq və pul yeyintisi, maliyyə fırıldağı şübhəsi yaradan tərəfi Kamran Quliyevin dövlət qurumlarının sistemlərində klub prezidenti yox, futbolçu kimi göstərilməsi, onun günümüzün şərtlərində fantastik maaş almasıdır. Komanda.az olaraq bu məsələnin axırına kimi gedəcək, “Neftçi”nin “qaranlıq dəhlizlər”ində baş verənləri aydınlığa çıxarmağa çalışacağıq. Bir daha qeyd edirik, klub prezidentinin futbolçu kimi göstərilməsi və aylıq məvacibinin 10105 manat olması normal deyil, hansısa maxinasiyaya, pul yeyintisinə işarədir.
Bizi Facebook-da izləyin