“Püşkatmadan dərhal sonra “Neftçi” tərəfindən mənə zəng gəldi, məlumat istədilər” – Müsahibə
“Neftçi” və “İnter”in (indiki “Keşlə”) sabiq futbolçusu Slavko Georgiyevski Şimali Makedoniya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “sportmedia.mk” saytına danışan yarımümdafiəçi Şimali Makedoniya klublarının Azərbaycan təmsilçiləri qarşısındakı şansları haqda bunları deyib:
- Slavko, Azərbaycanda “Neftçi” və “İnter”in formasını geyinmisiz. Klublarımızın avrokuboklarda bu ölkənin təmsilçiləri önündəki şanslarını necə dəyərləndirirsiz?
- Azərbaycan futbolunda böyük dəyişikliklər var, indi orada futbol mənim oynadığım dövrdəki qədər güclü deyil. Bəzi klublar maliyyə problemləri ilə üzləşdiyindən müflis elan olunub. Hətta heyətində çıxış etdiyim “Neftçi” və “İnter” də problem yaşadı. İllərlə böyük maliyyə dayağına malik olan “Xəzər Lənkəran” da hazırda yoxdur.
- İlk olaraq “Sileks”dən başlayaq. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq…
- Sözlərim səhv anlaşılmasın, “Sileks”in “Qarabağ” önündə çox şansı yoxdur. “Qarabağ” güclü heyəti, böyük büdcəsi olan, avrokuboklarda, xüsusən də, evdə stabil çıxış edən klubdur. “Sileks”in onları keçmək şansı minimumdur, çox çətin olacaq… “Qarabağ” yaxşı heyətə malikdir. Əksər futbolçular milli üzvləridir və güclü əcnəbiləri var.
- Həm “Neftçi”, həm də “Şkupi”də çıxış etmisiz. Bu komandaların dueli barədə nə deyə bilərsiz?
- Bəli, 2005-ci ildə “Şkupi”də, 2010-2012-ci illərdə “Neftçi”də oynamışam, iki titul qazanmışam. Bu cütlükdə yaxşı mübarizə olacaq. “Şkupi”nin “Şkendiya” ilə oyununu seyr etdim, komanda xoş təsir bağışladı. “Neftçi” mənim dönəmimdəki kimi deyil, amma yenə də möhkəmdir. Böyük maliyyəsi, bahalı transferləri yoxdur. Ancaq Azərbaycanın ən böyük klubudur. Mərhələ bir oyundan ibarət olduğundan ev sahibi təmsilçimizə yuxarıdan aşağı baxmayacaq. “Şkupi” Bakıdakı matçın 5 dəqiqəsindən belə, lazımınca istifadə etməlidir. Püşkatmadan dərhal sonra “Neftçi” tərəfindən mənə zəng gəldi, məlumat istədilər. Klubun idman direktoru dostumdur, “Şkupi” ilə əlaqə saxlamaq üçün kömək istədilər.
- “Sumqayıt” kimi bizə tanış olmayan bir komanda “Şkendiya”ya rəqibdir…
- “Şkendiya” bu mərhələni keçəcək. Tetovo klubunun avrokubok təcrübəsi var, Besart İbraimi, Armend Alimi, Kostadin Zahov, Eqzon Beytulai kimi oyunçulara malikdir. “Sumqayıt” Bakıda məskunlaşmayan və fikrimcə, Avropa Liqası matçlarını öz stadionunda keçirməyəcək kiçik bir klubdur. “Şkendiya”nın bu maneəni problem yaşamadan keçəcəyini düşünürəm. Ümumiyyətlə, komandalarımız hava şəraitinə, oyundan əvvəl məşqlərin vaxtına və oyun vaxtına diqqət etməlidirlər. Çünki avqustda Bakıdakı iqlim çox problem yarada bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin