“Neftçi” onu baş məşqçi postuna gətirmək istəyir – O isə Rusiyaya qarşı döyüşür

“Neftçi”nin baş məşqçisi postuna əsas namizədlərdən olan Yuri Vernidub Ukraynada Rusiya ordusuna qarşı könüllü döyüşməkdədir.

Komanda.az xəbər verir ki, bu barədə Vernidub Ukraynanın “Fanday” nəşrinə müsahibəsində deyib. Moldova “Şerif”indən ayrılan 56 yaşlı məşqçi açıqlamasında bunları bildirib:

“Klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyduq. Rəhbərliyə dedim ki, hələlik oraya qayıda bilmirəm. Axı necə dönə bilərəm?! Bu komandanı növbəti mövsüm UEFA Çempionlar Liqasına hazırlamaq lazımdır. Hesab edirəm ki, çox düzgün hərəkət etmişəm. İndi haradasa işləmək alınarsa, ən yaxşısı, burada qalaraq, Ukraynada çalışaram”.

Vernidub gələcək karyerasına hələ aydınlıq gəlmədiyini deyib:

“Baxacağıq. Planlar var, amma hələlik mən Ukrayna silahlı qüvvələrindəyəm. Gələcəkdə necə olacağını bilmirəm. Mənə imkan yaratsalar, işləyəcəm. Əks halda, sonadək, qələbəmizədək cəbhədə olacam”.

O, ölkəsində “Krivbas”a rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə belə aydınlıq gətirib:

“Həyatda hər şey ola bilər. Amma bu gün öz döyüş bölməmdəyəm. Ukrayna klublarının mənimlə əməkdaşlıq üçün əlaqə yaratmasından danışmağımdan ötrü hansısa konkretlik olmalıdır. Müxtəlif söz-söhbətlər ola bilər. Amma indi mən Ukrayna silahlı qüvvələrindəyəm. Keçmiş klubum “Zarya”ya qayıdışım və ya yeni iş yeri istəyib-istəmədiyimə gəldikdə, hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki məni sabah nəyin gözləyəcəyini bilmirəm”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button