“Neftçi” Mutunun rəhbərliyi altında ilk məşqə çıxdı
Rusiyanın Sankt-Peterburq şəhərində hazırlığı davam etdirən “Neftçi” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Zenit”in təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində rumıniyalı mütəxəssisin köməkçiləri – Alin-Nikolaye Çita, Aurelian-Boqdan Patraşku, Miodraq Todorov və Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.
“Neftçi” “Match TV” kubokunda sonuncu oyununu Türkiyə “Fənərbaxça”sına qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda oynanılacaq görüş saat 15:00-da başlayacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. İyulun 18-də “Otkrıtiye Bank Arena”da təşkil olunacaq qarşılaşma saat 22:00-da start götürəcək və “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Bizi Facebook-da izləyin