“Neftçi”, Mutu və zaman

Rəşad Ergün

Gəldi…

Futbolçu karyerası ilə heyranlıq doğuran Adrian Mutu artıq rəsmi olaraq “Neftçi”nin yeni baş məşqçisidir.

Müqavilə bağlayandan sonra isti-isti, maraqlı açıqlama da verib rumıniyalı bu gənc mütəxəssis:

“Məqsədim “Neftçi”ni layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və ölkəni Avropada qürurla təmsil etməkdir”.

Yetərincə iddialı açıqlamadır. Bu açıqlamanı verən zaman Mutu özünə güvənib, yoxsa yeni komandasına, bunu bir o, bir də Allahı bilir.

Rumıniya dünya futboluna Mirça Luçesku kimi möhtəşəm məşqçi də bəxş edib, dünyanın kiçik bir parçası olan Azərbaycana elə həmin “Neftçi”də işləmiş Laurentsiu Regekampfı, “Qəbələ”ni çalışdırmış Dorinel Muntyanu kimi aşağı “kaliteli” mütəxəssisləri də verib.

Mutu nə zamansa Luçesku ola bilərmi? Bunu zaman göstərəcək. Elə Regekampfın, Muntyanunun tayı olub-olmadığı da zamanın biləcəyi işdir.

Bu gün dünyanın istənilən ölkəsində “İnter”, “Yuventus”, “Çelsi” kimi klublarda forma geyinmiş, Rumıniya millisinin şərəfini qorumuş Adrian Mutunu tanıyırlar. Amma futbolçu Mutunu. İnanmıram ki, baş məşqçi Mutunu çoxu tanısın. Və məncə, “Neftçi” rəhbərliyi də “futbolçu Mutu”nu transfer edib. Baş məşqçi karyerası ərzində ölkəsinin “Universitatya Krayova”, “Rapid” klublarından başqa, barmaqla göstərilə biləcək iş yeri olmayan Mutu kimi Avropada yüzlərlə, minlərlə mütəxəssis var…

İstənilən halda, bu təyinatla bağlı səbirsiz davranan bəzi həmkarlarımız kimi hökm verməyə tələsməyək. Adrian Mutu gənc mütəxəssisdir, iddialıdır (açıqlamasından hiss olunduğu qədər), “Neftçi” ilə bir şeylər edə bilər. Kim bilir, bəlkə, Mutu “Neftçi” üçün “Sabah”ı “bataqlıq”dan dartıb çıxaran Murad Musayev olacaq? Ya da, ikinci Regekampf… Hər şeyi zaman göstərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button