“Neftçi”nin keçmiş vitse-prezidentindən Mahir Emreliyə və çevrəsinə xəbərdarlıq – Müsahibə

“Neftçi” klubunun sabiq vitse-prezidenti, keçmiş FİFA hakimi Tahir Süleymanovun Komanda.az saytına müsahibəsi:

  • Tahir bəy, hazırda gündəm Mahir Emrelinin “Legiya”dakı gələcəyinin necə olacağıdır. Keçmişdə klub rəsmisi olmusuz. Sizcə, bu situasiyada Mahir nə etməlidir?
  • Təəssüf ki, qeyd etdiyiniz kimi, məsələ gündəmə çevrilib. Mahiyyət getdikcə ikinci plana keçib, məcra tam fərqli istiqamətə yönəlib, yönləndirilib. Qısa fikirlə məsələyə dolğun cavabın verilməsi mümkünsüzdür. Belə davam edərsə, Mahir Emrelinin “Legiya”dakı karyerasını böyük ölçüdə bitmiş saymaq olar. Problem isə bitməyəcək, daha da dərinləşəcək. Futbolçu kluba qayıtmaqdan imtina edib. Komanda daxilindən gələn açıqlamalar bunu göstərir. Baş məşqçiləri Mahirlə danışdığını, futbolçu kimi yaxşı fikirdə olduğunu bildirməklə yanaşı, mənəvi tərəflərə toxunub, özü üçün məsələnin qapandığını bildirib. “Legiya” artıq Dubaydakı təlim-məşq toplanışını başa vurub. Fərdi məşqlər heç vaxt komanda şəklində planlı hazırlığın yerini verə bilməz. Futbolçu zaman itirir və bundan sonra problem çözülsə belə, Mahir yeni kluba keçsə, fiziki, psixoloji bərpa prosesi vaxt alacaq, vaxt isə gözləmir. Mahir Emreli 35 yaşında deyil, indi onun oynamaq, daha da inkişaf etmək zamanıdır. Hər itirilən həftə, ay futbolçunun karyerasına, gələcəyinə zərbə vurur. Süni yaradılan qalmaqallı imic isə daha böyük fəsadlara yol aça bilər. Hazırkı situasiya heç də ürəkaçan deyil. İstər Mahir Emreli, istərsə futbolçunun ətrafında olanlar, yol göstərən insanlar ciddi düşünməlidirlər. Günümüzə uyğun, Arazın o tayından Sərdar Azmun nümunəsi var, artan trayektoriya: “Rubin”, “Zenit”, bu gün isə “Bayer”lə müqavilə. Gündəm belə olsun gərək.
  • İddialara görə, klub rəhbərliyi Mahirə azarkeş hücumunu özü təşkil edib. Sizcə, bu, nə dərəcədə realdır?
  • Belə iddialar olsa da belə, istiqamət yanlışdır və heç də futbolçunu doğru yola yönəltmir. Mahir Emrelinin klubla, fanatlarla heç bir problemi yox idi. Transfer açıqlananda futbolçuya qarşı Polşada bir inamsızlıq yaranmışdı. Bu da başadüşülən idi, Azərbaycan futbolundan transfer olunmuşdu. Mahir ilk oyunlarda vurduğu qollarla bu problemi də aradan qaldırdı və yerli fanatların sevimlisinə çevrildi. “Legiya”da yaşanan böhran futbolçumuzla bağlı deyildi, çempion komandanın gözlənilməz halda autsayderə çevrilməsi idi. Belə durumda baş verənlər bir-iki futbolçudan asılı ola bilməz. “Legiya”da qısa vaxt kəsiyində məşqçilərin dəyişdirilməsi, klub rəhbərliyində istefa, nəticəsizlik azarkeşləri emosional həddə çatdırmışdı. Futbolçu-azarkeş arasında insidentin bu qədər böyüdülməsinə gərək yox idi. Dünya futbol tarixindən onlarla misallar gətirmək olar. Fanatlar tərəfindən nəinki futbolçulara qarşı addımlar atılır, klub prezidentlərinin evlərinə, villalarına hücumlar edilir, mətbuat konfranslarında, matçlarda baş məşqçilərə qarşı sözlü, fiziki hərəkətlər, təzyiqlər olur. Müxtəlif ölkələrdə futbolçuların qarşısı kəsilir, avtomobilləri daş-qalaq edilir. Təbii ki, mənfi hallardır, olmaması daha yaxşıdır. Psixoloji məqam var, fanatlar heç vaxt görmədiyi, qazanmadığı, futbolçulara ödənilən böyük pulların haqqını meydanda tələb edirlər, istədikləri ancaq budur, sevimli komandalarının qələbələridir, başqa niyyətləri yoxdur. Öz klubları fanatlar üçün özəl, toxunulmaz varlıqdır və doğma komandalarına qarşı etinasızlığı, zəif oyunu, klub idarəçiliyini heç vaxt qəbul etmirlər və emosional fonda istənilən addımı məqbul sayırlar. Avtobusa azarkeşlərin daxil olması klub səviyyəsində təhlükəsizliklə bağlı buraxılan boşluqlardır. Bununla yanaşı, yuxarıda qeyd olunanlar futbolun bir parçasıdır. Bunu yalnız ömrünü yaşıl meydanlarda keçirmiş insanlar bilər, kənardan futbola gələnlər bu duyğuları, fanatların hisslərini dərk etməzlər. Futbolu gözəlləşdirən, dünyada bir nömrəli idman növünə çevirən azarkeşlərdir, onların futbolla yaşamasıdır. Pandemiya illərində, boş tribunalar önündə bunu hər kəs bir daha əyani gördü. Mahir Emreli ilə təzyiqə məruz qalmış digər legioner futbolçu, braziliyalı Lukinyas məsələni şişirtmədiyinə görə nümunə göstərilir, kapitanlıq sarğısı həvalə edilir. Bu, klub tərəfindən psixoloji bir gedişdir və insindent məhkəmə predmetinə çevriləcəksə, klub divident qazana bilər. Eyni anda, “Legiya” olayı inkar da etmir, “hər bir ailədə söz-söhbət olar” düşüncəsi ilə Mahiri geri çağırdılar, təlim-məşq toplanışına dəvət etdilər, problemin daxildə həll olunmasının tərəfdarı oldular. Ən doğru addım, futbolçumuzun kluba qayıtması, hazırlıqda iştirak etməsi və klubdan ayrılmaq istəyəcəksə belə, yerində həll olunmasına, qarşılıqlı razılaşmaya gəlinməsi olardı. Bunun əvəzinə, məsələ ictimailəşdirilir, vəkil tutulur, yersiz açıqlamalar verilir, qarşıdurma yaradılır. Futbolçunun vəkilinin mətbuata ilk sözləri qeyri səmimilik yaradırdı. Bir müsahibədə hüquqşünas və ya ən yaxşı halda futbol hüququ ilə məşğul olan şəxs iki dəfə (!), ardıcıl, xüsusi vurğulayır: “Mahir Emreli heç bir klubla danışıq aparmır”. Bunu istənilən şəxs deyə bilər, vəkil isə dilinə gətirə bilməz. Futbol qaydalarını bilən və bu işlərlə məşğul olan insanın açıqlaması belə olmalı idi: “Mahir Emrelinin “Legiya” ilə rəsmi müqaviləsi mövcuddur və futbolçu istəsə belə, heç bir klubla danışıq apara, təmasa keçə bilməz”! Bu azmış kimi, insidentə siyasi don geyindirilməyə çalışılır, düşmən axtarılır, sonra təkzib cəhdləri edilir, məsələ isə tupikə doğru yönəlir. Mahir Emrelinin ətrafında olanlar, menecer-vəkillər, hər kəs bilməlidir, hər bir açıqlama “Legiya”nın təmsilçiləri tərəfindən izlənilir, tərcümə edilir, toplanır və ehtiyac olduğu halda FİFA-da futbolçuya qarşı istifadə edilə bilər. Məsələ dərinləşib, diqqətli olmaq mütləqdir! FİFA-nın bəlli qaydaları var, futbolçu işsiz qalmasın deyə, klub-futbolçu qarşıdurması yoluna qoyulana kimi oyunçuya başqa klubda çıxış etməsi üçün müvəqqəti icazə verilə bilər. Görünən odur ki, futbolçunun vəkillərinin ən azından buna nail olması belə, hələ ki, gündəmdə deyil. Klubdan ayrılmaq ehtimalı isə daha çox vaxt aparacaq. Gündəmi futbolçunu istəyən klubların sayı zəbt edib. “Legiya”dan edilən açıqlamalar tam əksini deyir: “Heç bir rəsmi təklif yoxdur”. Müqaviləli futbolçu razılıq olmadan heç bir kluba keçə də bilməz. Yuxarıda qeyd etdiyim kimi, vəkilin qəhrəmanlığı o olar ki, FİFA xüsusi qərar çıxarsın, keçidlə bağlı məsuliyyəti öz üzərinə götürsün. Gündəmi mənasız xəbərlərlə, açıqlamalarla zəbt etməkdənsə, ya kluba qayıdılmalı, məsələlər yerində həll edilməli, ya da beynəlxalq qurum futbolçunun xeyrinə qərar verməlidir. Bu yöndə təhlillər aparıb, ciddi işlər görülməlidir.
  • Polşada özünü çox da yaxşı göstərə bilməyən Mahirin adı Türkiyə klubları ilə hallanır. Emreli Türkiyədə uğurlu ola bilərmi?
  • Öncə problem həll edilməli, sonra digər klublar düşünülməlidir. Mahir “Legiya”da uğurlu start götürmüşdü, hətta deyərdim fantastik başlanğıc idi. Hər bir azərbaycanlı futbolçuya belə legioner həyatının ilk addımlarını arzu edirəm. Mahir Emreli Avroliqada Polşa çempionu üçün xilaskar oldu, vurduğu kritik qollar komandanı qruplara daşıdı. Problemlər sonra, tədricən başladı. Bunun da obyektiv, subyektiv səbəbləri var. Futbolçu artıq çox gənc sayılmasa da, şəxsiyyət kimi tam formalaşmayıb. Təbiidir, 24 yaşı var, ilk dəfə olaraq legioner həyatı yaşayır. Belə durumda futbolçuya yaxın olan təcrübəli insanlar önə çıxmalı, ona dayaq durmalı, həm həyatda, həm də futbolda psixoloji olaraq doğru yol göstərməli idilər. Bu baş vermədi, əksi yaşandı. Polşa mətbuatını bürüyən içki olayı, mənəvi olaraq düzgün olmayan açıqlamalar, matçların gərginliyi, fiziki, psixoloji yorğunluq tədricən sözünü deyirdi. Avrokubok və çempionat oyunlarını ayrı-ayrılıqda, fərdi olaraq analiz etmək əvəzinə, futbolçu tərəfindən açıqlamaların ardı-arası kəsilmirdi. Beynəlxalq görüşlərdə Mahirin meydanda sərbəstliyi çox olurdusa, daxili yarışda çempiona qarşı qapalı, güc futboluna üstünlük verilirdi. Polşa futbolunun özəlliyi budur. Daha cüssəli rəqiblər futbolçunun ayağına “oturur”, zonaları bağlayır, hücumçunun manevr imkanlarını minimuma endirirdilər. Fiziki, psixoloji yorğunluqla yanaşı, çempionatda uğursuzluğun əsas səbəbləri bunlar və tez-tez məşqçi dəyişiklikləri, taktiki problemlər idi. Vəziyyəti düzəltmək əvəzinə mətbuata açıqlamalar verilirdi: “Meydanda çox qaçmağı sevmirəm”. Dəfələrlə vurğulanırdı: “Hədəf böyük klublardır, bura tramplindir”. Bir dəfə deyildi, bəs edirdi, hər dəfə təkrar-təkrar bunu vurğulamağa ehtiyac yox idi. Hər bir fanat üçün öz klubu ən böyükdür və aparıcı futbolçularının belə açıqlamaları onlarda qıcıq oyadır, eyni zamanda, özü də bilmədən futbolçunu tonusdan çıxarır, hədəfdən yayındırır. “Visla”da çıxış edən Anton Krivotsyukun baş məşqçisi vurğulayır: “Azərbaycan çempionatında rəqabət iki-üç klub arasında aparılır, bu da futbolçuların hər oyuna eyni qaydada hazırlaşmasına mane olur”. Doğru vurğulayır. Ortabab komandaya gedən futbolçumuz problem yaşayırsa, təsəvvür edin çempion komandada, avrokuboklarda, çempionatda Mahir hansı psixoloji təzyiqlərlə üzləşirdi. Gücü tükənməyənə qədər qollar sıralanır, ötürmələr edilirdi. Güc yox olduqca və ən əsası, ətrafdan doğru dəstək almadıqda oyunlarda problemlər baş qaldırırdı. Üstəgəl “Legiya”nın çempionatda komanda olaraq zəif çıxışı. Qısa məsafədən dirəklərə topun nişan alınması bacarıqsızlıq deyil, fiziki-psixoloji yorğunluğun, artıq konsentrasiyanın itirilməsi, digər amillərin nəticəsi idi. Niyə futbolçu Polşaya gedəndən sonra menecerini dəyişdi və ya buna bənzər fərqli addımlar atıldı? Hiss olunur ki, bunlar Mahir Emrelinin oyununa təsirsiz ötüşmədi. Böyük futbolda xırdalıq olmur, hər bir məqam incəliyinə qədər analiz edilməli, futbolçuya çatdırılmalıdır və futbolçu da üzərində daha həvəslə çalışıb, qeyd olunanları qəbul etməlidir. Polşada fantastik sıçrayış futbolçumuza marağı artırmışdı və dəvətlərin gələcəyi gözlənilən idi. Təəssüf ki, bunlar başgicəlləndirici rol oynadı, ortalığa düşən əcnəbi menecerlər öz maraqlarını güdməyə başladılar. Andrey Şevçenkoya “Milan”dan ilk dəvət gələndə dahi Lobanovski futbolçusunu buraxmadı, dedi hələ tam hazır deyilsən, hazır olan kimi özüm yola salacam. Futbolçu məsləhətlərə qulaq asdı, öz üzərində çalışdı və sonralar hansı zirvələri fəth etdiyini bütün dünya futbolu gördü. Mahir Emreli öz komandasını tapmışdı və “Legiya”ya keçid çox uğurlu transfer idi. Səbr göstərib, qış fasiləsində istirahət edib, hərtərəfli bərpa olunub, komanda ilə hazırlaşaraq, güc toplayıb möhtəşəm geridönüş etməli idi. Tam hazır olandan, Polşada adaptasiya dövrünü tam keçəndən, daha da püxtələşəndən sonra nəinki Türkiyəyə, Avropada daha güclü çempionatlara keçidi problem olmayacaqdı. Mahir Emrelinin əla başlayan “Legiya” karyerası indiki vəziyyətə düşməməli idi.
  • Nə üçün azərbaycanlı futbolçuların legioner həyatı yaşamasında problemlər ortaya çıxır? Bu, nədən qaynaqlanır?
  • Bu mövzu zaman-zaman futbol ictimaiyyəti arasında çox müzakirə edilib, müxtəlif fikirlər səsləndirilib. Ümumi mental dəyərlər, ailəyə bağlılıq, ölkədə bütün sahələrdə mövcud durum öz yerində, bunlar birmənalı olaraq futbolçuların hərtərəfli yetişməsinə, inkişafına mənfi təsir göstərir. Əsas problemlərdən biri də futbolda illərdir tüğyan edən həvəskar düşüncə tərzidir. Peşəkar futbolun öz tələbləri var və tələblər çox qəddardır. Azərbaycan futbolunda bu tələblərə haqsızlıq kimi yanaşılır və geniş ictimayyət arasında davamlı olaraq təbliğ edilir. Ölkə futbolunda nə qədər problemlər olsa da, futbolçular bəslənilir, baxça təfəkkürü ilə böyük futbolda da uşaq kimi nəvaziş istənilir. İstedada qayğı göstərməklə qeyd olunanlar səhv salınır. Böyük futbolun tələblərini yerinə yetirən, yetirmək istəyən mütəxəssislər düşmənə çevrilir, futboldakılara, futbolçuların özlərinə sərf etmir. Futbola gətirilən təsadüfi insanlar işi, futbol ruhunu bilməməklə futbolun özünü yola verirlər və hamının gözündə yaxşı adam olurlar. Azərbaycan futbolunda, daxili çempionatda bu, özünü çox da büruzə vermir, gözə dəymir, çünki çoxu üçün əlverilşlidir, yuxarı-aşağı eyni səviyyədir. Əziyyətsiz, futbolla yaxşı pullar qazanılır. Hamı bir-birini tərifləyir, çempionatda səviyyədən, rəqabətdən, dinamik, sürətli futboldan, olan-olmayan taktiki gedişlərdən danışılır, Avropa meydanlarına çıxana kimi… Onda da bəhanələr başlanılır. Plan üzrə hər mövsüm eyni qayda ilə dövriyyə edir, illər itirilir. Futbolçuların şəxsi keyfiyyətləri, dünyagörüşləri də önəmlidir. Əsas isə bilərəkdən, süni olaraq yaradılan mövcud şəraitdir. Peşəkar tələblərin yasaq olunduğu, dərk edilmədiyi futbolumuzdan Avropaya transfer olunan kimi bütün nöqsanlar bir-bir üzə çıxımağa başlayır. Avropada futbolçuların nazı ilə oynamırlar. Digər tərəfdən, legioner statusu fərqli anlayışdır. Necə ki, Azərbaycanda legionerlər yerlilərdən ən azı iki baş üstün futbol oynamalıdırlar, eyniylə, futbolçularımıza xaricdə bu cür və daha sərt münasibət göstərilir. İctimai fikirin formalaşması, məsələlərə yanaşma tərzi də böyük təsir qüvvəsinə malikdir. Qeyd etdiyiniz kimi, gündəmdə Mahir Emrelidir. Polşada açıqlama vermişdi, “12 yaşımdan burada olsaydım”… Bu yanaşmaya görə əksəriyyət futbolçunu dəstəklədi. Azərbaycanda uşaq futbolunun, ümumilikdə futbolun durumu bəllidir. Ölkə futbolunda sistemin deyil, fədakarlıq edən insanların sayəsində müəyyən uğurlar qazanılır. Mahir Emreli “Legiya”da 6 aydan sonra özünü göstərmədi, ilk dövrdə dərhal komandanın liderlərindən birinə çevrildi. Hazır vəziyyətdə olmasaydı, vurduğu qollarla komandasını qrupa daşıya, ardınca ingilisləri məyus edə bilməzdi. Mahir uşaq yaşlarından gözümüzün önündə böyüyüb. Futbolçu “Sabahın ulduzları” yarışlarında “Bakı”nın qayğısı ilə yetişib, dəfələrlə xaricə göndərilib, əsas heyətə kimi yüksəlib. Sonrakı inkişaf mərhələsi Qurban Qurbanovun rəhbərliyi ilə “Qarabağ”da davam edib. Futbol konveyer kimidir, ardıcıllıq təmin edilməsə, nəticəsi də olmaz. “Bakı” olmasaydı, “Qarabağ” olmazdı, “Qarabağ” olmasaydı, “Legiya” da olmazdı. Futbolçu açıqlamalarında bu ardıcıllığa, uşaq futbolundan tutmuş, günümüzə kimi yetişməsində əməyi keçmiş məşqçilərinə, klublarına diqqət yetirsəydi, mənəvi olaraq daha doğru yanaşma olardı. Görəndə ki, yanlış açıqlamalara bu qədər diqqət yetirilir, futbolçuda elə təfəkkür formalaşır ki, nə deyir, nə edirsə, düz edir. Böyük futbol elmi çox dərin və genişdir. Bunları mənimsəməyəndə nəticəsi mənfi olur. İstənilən halda, Mahir Emreliyə Azərbaycan futbolu adına dəstək olmalıyıq, köməyimizi, məsləhətlərimizi əsirgəməməliyik. Hər bir gənc səhv edə bilər, əsas, səhvlərdən nəticə çıxarıb, tez bir zamanda yaşıl meydanlara qayıdıb, daha üst səviyyədə futbol oynamaqdır.
    AFFA rəhbərliyi, millinin baş məşqçisi Canni De Byazi, futbolçuya yaxın, təsir qüvvəsi olan, futbolu bilən insanlar məsələyə biganə qalmamalı, milli adına futbolçu ilə ciddi söhbət edib, doğru addımın atılmasında yardımçı olmalıdırlar. İctimaiyyət arasında maarifləndirmə, təbliğat düzgün istiqamət almalıdır. Belə yanaşma olarsa, futbolçularımıza kömək olar, mənfi halların qarşısı nisbətən alınar, legioner həyatları asanlaşar.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button