“Neftçi” ilə oyunda işimiz asan olmayacaq”
İsrailin “Makkabi” (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləyi ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq. “Neftçi” Tiflis “Dinamo”su ilə matçın favoriti idi. Buna görə də mərhələni keçdilər. Nəticə bizim üçün sürpriz olmadı. Nəzərə alsaq ki, həmin görüşlər “Neftçi” üçün ilk matçlar idi. Bu gün komanda daha yaxşı vəziyyətdədir”.
Baxar Namik Ələskərovun “Neftçi”dən gedişini özləri üçün üstünlük saymadığını söyləyib: “Deməzdim ki, bu amil bizim işimizi asanlaşdıracaq. “Neftçi” özü güclü kollektivdir. Biz bir oyunçuya deyil, bütün kollektivə qarşı hazırlaşırıq”.
Onun sözlərinə görə, Bakı klubunu analiz etmək üçün kifayət qədər vaxtları olub: “Sabahkı görüşə tam hazırıq. “Neftçi”nin heyətində həm istedadlı, həm də liderlik keyfiyyətlərinə malik futbolçular var. Bu da rəqibi daha güclü edir”.
Bizi Facebook-da izləyin