“Neftçi”nin 121 milyon avroluq rəqibi – Yazı+Fotolar

“Neftçi” Çempionlar Liqasının 2-ci mərhələsində Yunanıstanın “Olimpiakos” komandasına rəqib olub.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi ötən mövsüm Yunanıstan Super Liqasının qalibi olub və Çempionlar Liqasına vəsiqə qazanıb. “Olimpiakos” çempionatda ən yaxın rəqibi PAOK-u 26 xal qabaqlayıb.

“Olimpiakos” ev oyunlarını 32 min 115 nəfərlik tutumu olan “Karaiskakis” stadionunda keçirir. Klub UEFA reytinqində 37-ci sıradadır. Yunanıstan təmsilçisi klub tarixində 46 dəfə Super Liqanı, 28 dəfə də ölkə kubokunu qazanıb. Komandanın avrokuboklarda ən böyük uğuru 1998/99 mövsümünə təsadüf edir. “Olimpiakos” həmin mövsümdə Çempionlar Liqasında 1/4 finala kimi irəliləmiş, orda “Yuventus”a hər iki oyunda məğlub olub, mübarizəni dayandırmışdı.

“Olimpiakos” ötən mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləmiş, ancaq burda İngiltərə “Arsenal”ına uduzmuşdu.

“Olimpiakos” – “Arsenal”

“Olimpiakos”un heyətinin dəyəri 121,48 milyon avrodur (“Neftçi”nin dəyəri “transfermarkt”da 7,20 milyon avro göstərilir). Komandanı portuqaliyalı Pedro Martins çalışdırır. O, 2018-ci ilin yayından komandanın “sükanı arxasındadır”. “Olimpiakos” onun rəhbərliyi altında 163 oyun keçirib. Komanda bu matçlarda 110 qələbə qazanıb, 25 məğlubiyyət alıb. Bu oyunlarda 325 qol vuran yunanlar 118-ni də buraxıb.

“Olimpiakos”un ən dəyərli futbolçusu Məhəmməd Kamaradır. Qvineyalı yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 15 milyon avrodur. Pirey təmsilçisinin heyətində çexiyalı, portuqaliyalı, seneqallı, alman, bosniyalı, kamerunlu, fransalı, kiprli, serbiyalı futbolçular yer alır. Klub son olaraq Çexiya milli komandasının qapıçısı Tomaş Vaçliki heyətinə qatıb. “Olimpiakos”da Yussuf Əl Arabi, Matye Valbuena, Sokratis Papastatopulos, Yann Mvila kimi məşhur futbolçular da var.

Matye Valbuena

“Olimpiakos” hazırda yoxlama oyunları keçirir. Yunanıstan Super Liqasında mövsüm hələ başlamayıb və komanda tam formada deyil. “Olimpiakos” artıq 6 yoxlama matçı keçirib. Pedro Martinsin rəhbərlik etdiyi kollektiv Rusiyanın “Krasnodar” (1:0), Bolqarıstanın ÇSKA (2:1), Rusiyanın “Ufa” (1:1), Avstriyanın “Zalsburq” (0:3), Rumıniyanın “Universitatya Krayova” (2:0) və Yunansıtanın “Aris” (3:0) komandaları ilə qarşılaşıb.

“Olimpiakos” “Neftçi” ilə matça qədər cəmi bir dəfə Azərbaycan komandası ilə qarşılaşıb. Pireylilər 2013-cü ildə yoxlama görüşündə keçmiş “Simurq”la üz-üzə gəlib. Oyun “Olimpiakos”un 2:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan təmsilçiləri avrokuboklarda 10 dəfə Yunanıstan komandaları ilə üz-üzə gəliblər. Klublarımızın cəmi iki qələbəsi var və bunlar da “Qarabağ”ın aktivindədir. Ağdam təmsilçisi 2016-cı ildə Avropa Liqası çərçivəsində PAOK-u iki oyunda da məğlub etmişdi.

“Simurq” – “Olimpiakos”

“Olimpiakos” “Neftçi” ilə ilk matçını iyulun 21-də, evdə keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 28-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button