Diqqət! Keçmiş baş məşqçiləri “Neftçi”dən danışır
“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə matçlardakı uğursuzluğu Azərbaycan Premyer Liqasında da davam edir. “Ağ-qaralar” geridə qalan iki turdan sonra cəmi 1 xal toplaya bilib. İlk turda “Sabah”la əldə olunmuş 1:1 hesablı bərabərlikdən sonra komanda səfərdə “Zirə”yə minimal hesabla məğlub oldu. Uğursuz nəticələrdən sonra azarkeşlər klubun prezidenti Kamran Quliyevi və baş məşqçi Roberto Bordini istefaya səsləyirlər.
“Neftçi”nin vəziyyəti ilə bağlı vaxtilə bu klubda çalışmış mütəxəssisləri danışdırdıq. Vaxtı ilə “ağ-qaralar”ın “sükanı arxasında” olmuş Vaqif Sadıqov və Arif Əsədov Komanda.az-a açıqlamalarında bunları dedilər:
Vaqif Sadıqov (AFFA Məşqçilər Komitəsinin sədri):
“Düşünürəm ki, “Neftçi”yə müəyyən qədər vaxt vermək lazımdır. Komandanı təzyiq altında saxlamağa ehtiyac yoxdur. Cəmi bir ay əvvəl Rusiyanın “Arsenal” klubuna qarşı gözəl futbol nümayiş etdirməklə bizə ümid verdi ki, komanda bu il ən azı çempionluğa iddialı olduğunu sübut edəcək. Bəlkə də, “Neftçi” hazırda yaxşı dövrünü yaşamır. Problemi bir nəfərdə axtarmaq düzgün deyil. Hər bir komandada belə problemlər ortaya çıxır. Belə bir zamanda “Neftçi”yə dəstək olmaq çox vacibdir. Hamılıqla “Neftçi”nin “Arsenal”la görüşlərdə göstərdiyi oyunu, həmin potensialı yenidən göstərməsini istəyirik. Ən əsası odur ki, rəhbərliklə, azarkeşlərlə, futbolçularla birlikdə vəziyyətdən çıxış yolu tapılsın və “Neftçi” yenidən öz adını bərpa edib, hamımızı sevindirsin”.
Arif Əsədov (Milli komandada köməkçi-məşqçi):
“Klubun daxilində olmadığım üçün dəqiq nəsə demək çətindir, amma kənardan analiz edəndə deyə bilərəm ki, sanki “Bney Yehuda” ilə oyunlardan sonra komandada inamsızlıq, ruh düşkünlüyü, psixoloji gərginlik var. Bunlar bir neçə futbolçuya deyil, ümumi komandaya, bütün futbolçulara aiddir. Onlar sanki üzərlərində təzyiq hiss edirlər. Görünür, son hadisələr komandaya çox təsir edib. “Arsenal”la oyundan sonra “Bney Yehuda” ilə matçlarda belə nəticə gözlənilmirdi. Kənardan baxanda, bunun səbəbləri haqqında danışmaq çətindir. Ola bilər ki, klub daxilində hansısa hadisələr olub, vaxtında bunun qarşısı alınmayıb, həll olunmayıb. Bu problem də gətirib belə səbəblərə çıxarıb. Amma hazırda ortada hansısa faciəvi hal yoxdur. Çempionat hələ təzə başlayıb, qarşıda hələ çox matçlar var. Digər tərəfdən, vəziyyətin əvvəldən belə olmağı daha yaxşıdır. Komanda tez bir zamanda bu vəziyyəti düzəldib, daha da möhkəmlənsin ki, qarşıya qoyduqları məqsədə komanda şəklində çata bilsinlər.
Komandaya, nəticələrə baş məşqçi cavabdehdir, amma elə komanda deyiriksə, gərək məsələyə ümumi yanaşaq. Bu klub haqqında danışanda, söhbət təkcə bir nəfərdən getmir. Bizim vaxtımızda da belə olub, “Neftçi” deyəndə, bir komanda, bir ad nəzərdə tutulur. Günahı kimdəsə axtarmaq əvəzinə, rəhbərlik, məşqçilər, futbolçular birləşib, səbəbləri tapmalı və vəziyyətdən birgə çıxmağa çalışmalıdırlar. Hər kəs ayrı-ayrılıqda səbəb tapmağa çalışsa, vəziyyət düzəlməyəcək. Bura azarkeşləri də əlavə etmək istəyərdim. Həm rəhbərlik, həm də futbolçular çalışıb, azarkeşləri özlərinə qaytarmalıdırlar. Çünki “Neftçi” azarkeşlərlə birlikdə olanda, daha möhtəşəm olur”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin