Nazir beynəlxalq minifutbol federasiyalarının rəhbərləri ilə görüşdü

İyulun 25-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse- prezidenti Peter Kralik ilə görüşüb.

Komanda.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, federasiyanın prezidenti Taleh Nəsibov və vitse-prezidenti Azər Hüseynov və baş katibi Orxan Hüseynovun da iştirak etdikləri görüşdə ölkəmizdə minifutbol idman növünün yüksəlişindən söhbət açılıb. Bildirilib ki, Azərbaycanın minifutbol yığması Avropa çempionu olmaqla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb.

Gənclər və idman naziri Fərid Qayıbov qonaqlara Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Beynəlxalq minifutbol federasiyalarının səfər proqramının Azərbaycan futbolçularına faydalı olacağına əminliyini bildirən nazir qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, bundan sonra minifutbol idman növündə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verəcək. Milli komandamızın Avropa çempionluğunun qazanılmasınadək keçən inkişaf yolundan, minifutbolun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Fərid Qayıbov minifutbolçularımızın gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəklərinə inandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda minifutbol idman növünün inkişafının onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin minifutbol idman növünə göstərdiyi diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır. Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsinə də toxunan federasiya rəhbərləri vurğulayıblar ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button