Nazim Süleymanov bu dəfə Buzovnada FOTO
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Komanda.az xəbər verir ki, növbəti belə görüş Buzovna qəsəbəsində keçirilib. Qurumun sədri Nazim Süleymanovun verdiyi məlumata görə, Buzovna qəsəbəsinin futbol ictimaiyyətinə təşkilat barədə məlumat verilib:
“Buzovna qəsəbəsi müstəqil Azərbaycanın futbol tarixində ilk illərdən təmsil olunub. Bu qəsəbənin “Xəzri” komandası Azərbaycan çempionatında iştirak edib. Özü də uğurla çıxış edib. Qəsəbədə xeyli futbol veteranı var. Üstəlik, burda futbolu sevən insanlar da yetərincədir. Ona görə də, Buzovna qəsəbəsində futbol ictimaiyyətinin geniş kontingenti cəmləşib. Biz bu kontingentlə görüşməyə borclu idik. Onlara təşkilatın məram və məqsədi, gələcək planlarımız barədə geniş məlumat verdik”.
Süleymanov bildirib ki, Buzovna qəsəbəsinin futbol ictimaiyyəti ilə səmərəli müzakirə aparıblar:
“Çox təəssüf ki, hazırda Buzovnanın da futbol veteranları, ümumiyyətlə, futbol ictimaiyyətinin nümayəndələri futbol sahəsindən kənarda qalıblar. Onların futbola öz baxışları, yanaşma tərzləri, Azərbaycanda futbolun inkişafı və təbliği ilə bağlı dəyərli fikirləri var. Görüşdə bu fikirləri dinlədik. Buzovnanın futbol ictimaiyyəti yeni yaradılan təşkilat barədə də fikirlərini bildirdilər, onun fəaliyyətini necə görmək istədikləri ilə bağlı təkliflərini səsləndirdilər. Heç şübhəsiz, təşkilatın gələcək fəaliyyətində bu təkliflər mütləq nəzərə alınacaq”.
Süleymanovun dediyinə görə, belə görüşləri davam etdirəcəklər. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə və Masallıda olmuşdu.
Bizi Facebook-da izləyin