Nazim Süleymanov bu dəfə Sumqayıta üz tutdu FOTO

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər.

Komanda.az xəbər verir ki, növbəti belə görüş Sumqayıtda keçirilib. Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün Sumqayıta gediblər:

“Sumqayıt şəhərinin Azərbaycan futbolundakı yeri, mövqeyi barədə danışmaq yersizdir. Bu mövqe hər kəsə bəllidir. Azərbaycan futbolunu Sumqayıtsız təsəvvür etmək mümkün deyil. Bu şəhər futbolumuza saysız-hesabsız istedadlar verib. Sumqayıtda həssas, futbolu incəliklərinə qədər bilən ictimaiyyət var”.

Süleymanov deyib ki, görüş qarşılıqlı müzakirələr şəraitində keçib:

“Bu görüşdə təkcə təşkilatın məram və məqsədləri barədə söhbət açmadıq. Ümumilikdə Azərbaycan futbolunun real durumunu müzakirə etdik. Hər kəs öz fikrini bildirdi, onu narahat edən məqamlar barədə danışdı, təkliflərini verdi. Hesab edirəm ki, olduqca səmərəli görüş alındı”.

Sumqayıtdakı görüşdə jurnalistlər, futbol veteranları, ictimaiyyətin nümayəndələri iştirak edib. Azərbaycan futbolunun veteranları Səmədağa Şıxlarov, Novruz Əzimov, Kamal Quliyev, tanınmış jurnalist Anar Xanlarov, ictimaiyyətin nümayəndəsi Naib Abdulla müzakirələrdə fəal iştirak edərək, problemləri sadalayıb, təkliflərini səsləndiriblər.

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı, Buzovna, İmişli, Lənkəran və Şirvanda da görüşlər keçiriblər.  


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button