“Narıncı böhran”, Rieranın inadı və təşvişi

Əmir

Futbol emosiyalar oyunudur – bunu hamımız bilirik. Amma görünür, bəzən forma rəngləri də emosiyalara səbəb ola bilər. Albert Riera dünənki “Sabah” – “Çelye” oyunundan sonra əsəbindən az qala rəng korluğu diaqnozu qoyacaqdı. Hələ yaxşı ki, topun rəngi fərqli idi, yoxsa onu da tanımaq çətin olardı.

İspan məşqçinin əsas dərdi komandasının narıncı formada oynamaq istəyib, amma hakimlərin “olmaz” deməsi idi. Səbəb? Hakimlərin özləri də narıncı formada idi. Əlavə forma gətirməyi unudan qazaxıstanlı hakimlər beləliklə, hər iki komandanı “qarışıq salın missiyası”na ortaq etdilər. Amma Riera bunu sadəcə bir logistika problemi kimi görmədi, dərhal məsələni “etnik yaxınlıq” səviyyəsinə qaldırdı. Deyəsən, Qazaxıstan və Azərbaycan arasındakı qohumluq bağları meydandakı forma seçiminə də təsir edibmiş…

Əslində isə, forma məsələsi təkcə “Çelye”nin yox, “Sabah”ın da başını ağrıtdı. Süni ofsayd yaratmaq, rəqibi tanımaq – bunların hamısı problem oldu. Yəni, bu faciəvi rəng seçimi hər iki tərəfi eyni dərəcədə “yandırdı”.

Bəlkə də, Rieranın belə əsəbiləşməsinə səbəb rəng məsələsi yox, komandasının oyunu idi. Axı “Sabah” Konfrans Liqasının 1/4 finalçısını az qalmışdı sıradan çıxarsın. Hətta ilk hissədə əldə edilən qol fürsətləri dəyərləndirilsəydi, ispan mütəxəssisi forma rəngi yox, tam başqa şeylər düşündürürdü.

Hə, bir neçə kəlmə də Rieranın azərbaycanlı və qazaxların etnik yaxınlığı ilə fikirləri barədə. Yaxşı ki, qazax referilər meydanda “Sabah”ın lehinə hansısa qərar vermədilər. Əksinə, Rieranın təbirincə desək, “yaxın olduqları” xalqın nümayəndələrinə qarşı bir neçə mübahisəli qərarlar verdilər.

İndi görək, cavab oyununda sloveniyalılarla etnik yaxınlığı olan bolqar referilər qazax qardaşlarımızın “türk ədaləti”ni sərgiləyə biləcəkmi…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button