“Narazı qaldığım məqamlar çoxdur” – Adil Şükürov
“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz”la oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havada uzaq yol gəlib bizə dəstək oldular. Futbolçularıma minnətdaram. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. “Turan Tovuz”un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk.
Hər futbolçu istəyir ki, 90 dəqiqə oynasın. Mate Kvirkviyanın narazılığı daha çox oynamaq istəyi ilə bağlı idi. Ona izah etdim ki, hər əvəzetmənin səbəbi var. Qarşıdakı matçlarda daha çox şans qazanacaq.
Narazı qaldığım məqamlar çoxdur. Həm müdafiədə, həm də hücumda narazılıqlar çoxdur. Amma istəmirəm ki, indi bu haqda danışım. Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Bu gün onların pozitiv əhvalda qalmasını istəyirik. Daha sonra təhlillərdə səhvlərini deyəcəyik.
Bu, rəqabətdir. Hər komanda qalib gəlmək istəyir. Rəqabətdə daha yaxşı olan oyunçuya şans verəcəyik”.
Bizi Facebook-da izləyin