“İnter”ə qol vurub, “Napoli” tarixinin ən yaxşı bombardiri oldu
“Napoli” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab matçında “İnter”lə qollu bərabərə qalaraq (1:1, ilk oyun 1:0), adını finala yazdırıb.
Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada “Napoli”nin yeganə qolunu vuran Dris Mertens klubun tarixinə düşüb. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“İnter”lə oyunda bərabərlik qolunu vuran Mertens, “Napoli”dəki qollarının sayını 122-ə çatdırıb və belçikalı hücumçu, bununla da, klub tarixinin ən məhsuldar futbolçusu olub. 33 yaşlı hücumçu 2013-cü ildən “Napoli”də çıxış edir.
Mertensdən əvvəl klub tarixinin bombardiri Marek Hamşik idi. Slovak futbolçunun aktivində 121 qol var idi.
“Napoli” İtaliya kubokunun yarımfinalının ilk matçında “İnter”i məğlub etmişdi – 1:0. Cavab qarşılaşmasında da rəqibiylə qollu bərabərə qalan Neapol təmsilçisi adını finala yazdırıb. “Napoli” kubokun finalında, iyunun 17-də “Yuventus”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin