Nağıyev qovuldu, komandası elitanı tərk etmək təhlükəsiylə üz-üzə qaldı
Futbol üzrə Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Veres-Rivne”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. 90+4-cü dəqiqədə isə azərbaycanlı futbolçuya ehtiyat oyunçular skamyasında olarkən qırmızı vərəqə göstərilib.
“İnqulets” mövsümün əsas hissəsini 31 xalla 16 kollektiv arasında 14-cü sırada bitirib. Bu isə sözügedən komandanı Premyer Liqada qalmaq üçün pley-off oyunları keçirmək məcburiyyətində buraxıb. Futbolçumuzun komandası əvvəlcə aşağı liqadan gəlmiş “Çerkası” komandasını mübarizədən kənarlaşdırmalıdır. İlk oyun iyunun 10-da evdə, cavab görüşü isə ayın 14-də səfərdə olacaq.
Bizi Facebook-da izləyin