Nadal da “Real”ın “üsyan”ına qoşuldu
İspaniyalı sabiq tennisçi Rafael Nadal La Liqanın 22-ci turu çərçivəsində keçirilən “Real” – “Espanyol” matçındakı (0:1) hakimlikdən danışıb.
Hakim Alexandro Munis Ruis əks-hücum zamanı Madrid klubunun hücumçusu Kilian Mbappeni kobudluqla dayandıran rəqib müdafiəçi Karlos Romeroya sarı vərəqə göstərib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın fanatı kimi tanınan Nadal həmin epizodda hakimin səhv qərar verdiyini düşünür:
“Başa düşə bilmirəm ki, VAR-ın mövcud olmasına baxmayaraq, o, niyə meydandan qovulmadı. Görmədiyim şeylər haqda danışmağı sevmirəm. Amma mühakimə məsələlərində qərarlar bəzən bir istiqamətdə, bəzən də başqa yöndə verilir. Mən mübahisələri sevməyən biriyəm. Ancaq bu mübarizə mənə hədsiz göründü. Başa düşə bilmirəm ki, VAR-ın olmasına baxmayaraq, “Espanyol”un futbolçusu niyə qovulmadı. Bu, xüsusən də oyunçuların sağlamlığının qorunması üçün edilməlidir”.
“Real” hakimlərin zəif fəaliyyəti ilə bağlı İspaniya Kral Futbol Federasiyasına, həmçinin Ali İdman Şurasına rəsmi şikayət edib.
Bizi Facebook-da izləyin