Naci Şensoy: “Turan Tovuz” mənim Leylamdır”
Bir vaxtlar Azərbaycanda “Turan”ı çalışdırmış Naci Şensoy Azərbaycan Premyer Liqası haqda fikirlərini bölüşüb.
Komanda.az-a danışan türkiyəli mütəxəssis paytaxt təmsilçisi “Sabah”ın çox pozitiv oynadığını söyləyib:
“Azərbaycan Premyer Liqasının matçlarını izləmək üçün çox vaxtım olmur. Çünki bildiyiniz kimi, mən hazırda Albaniya Super Liqa təmsilçisi olan “Bylis”i çalışdırıram. Buna baxmayaraq, hər həftə oyunların nəticələri ilə tanış oluram.
Gəlin, “Qarabağ”ı bir kənara qoyaq. Çünki onlar tam fərqli mübarizə aparırlar. Lakin cari mövsümdə “Sabah” və “Qəbələ”nin performanslarını xüsusilə izləyirəm. “Sabah” çox pozitiv oynayır. Hazırda turnir cədvəlində tutduqları mövqe və vurduqları qolların sayı hər şeyi aydın ifadə edir.
Açıq danışacağam: “Neftçi”nin hazırkı çıxışı məni çox üzür. Bu qədər imkanı olan klub necə olur ki, illərdir “Qarabağ”a qarşı rəqib ola bilmir? 2004/05 mövsümündə Azərbaycanda çalışdığım müddətdə “Neftçi” “Qarabağ”dan daha uğurlu idi. “Ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampfı yaxşı tanıyıram. Bolqarıstanda “Lokomotiv”in (Plovdiv) baş məşqçisi olduğum dönəmlərdə o, “Liteks Loveç”i çalışdırırdı. Regekampf da məni çox yaxşı tanıyır”.
Şensoy, “Keçmiş komandanız “Turan Tovuz”un oyunlarına baxırsızmı” sualını belə cavablandırıb:
“Turan Tovuz”un hazırkı durumu ilə maraqlanıram. Bilirsiz, o mənim Leylamdır. 2022/23 mövsümündə Premyer Liqaya vəsiqə qazandıqları üçün çox sevinmişdim. Tovuz təmsilçisini çalışdırdığım illərdə uğurlu futbolçularımdan olan Nadir Nəbiyev və Ayxan Abbasov orada çalışırlar. Bu, mənim üçün qürurvericidir.
Nəbiyev mənim məşqçiliyim altında milli komandaya çağırıldı. Abbasovu isə küçə futbolundan mən kəşf etdim, futbolçu kimi yetişməsində mübarizə apardım. Bəzi azarkeşlər uğursuz nəticələrə, xal itkilərinə görə Ayxan Abbasovun istefasını istəyirdilər. Tovuz fanatlarına səslənərək həm Ayxana, həm də Nadirə dəstək oldum. Məni haqlı çıxardıqları üçün sevinirəm”.
Şensoy Azərbaycan Premyer Liqasının 33-cü turunun “Turan Tovuz” – “Neftçi” (4:0) qarşılaşmasını da şərh edib:
“Ən son matçda “Turan” “Neftçi”ni böyük hesabla məğlub etdi. Gəlin, bunu qəbullanaq: mənim çalışdırdığım “Turan”la indiki kollektiv müqayisə oluna bilməz. O vaxt biz stadionda 10 minlərlə azarkeş görürdük. Eyni zamanda, yaradıcı oyun sərgilədiyimiz üçün Azərbaycanın “Barselona”sı adlandırılmışdıq.
Heç vaxt yadımdan çıxmaz: Tovuzda “Qarabağ”ı 4:0 hesabı ilə məğlub etmişdik. Ağdam təmsilçisinin çalışdırıcısı İqor Ponomaryov mətbuat konfransında belə demişdi: “Bu gün bir daha inandım ki, “Turan” “Barselona” fəlsəfəsində futbol oynayır”.
Naci Şensoy 2004/05 mövsümündə “Turan”ın “sükanı arxasında” olub.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin