“Qardaş, pis başa düşmə, bu, futbola aid sual deyil axı” – Müsahibə
“Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadənin Komanda.az saytına müsahibəsi:
- Əvvəlcə Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt”la qolsuz bərabərə qaldığınız oyunla bağlı fikirlərini bilmək istərdim.
- Çətin oyun keçdi. Yaxşı komandaya qarşı oynadıq. Fürsətlərdən yararlana bilməsək də, qol da buraxmadıq. Rəqibin də şansları var idi.
- Qol vurmağınıza maneə olan nə idi, qələbə üçün nə çatmadı?
- Rəqib komanda yaxşı müdafiə olunurdu. Qol vurmaq qismət olmadı. İnşallah, çalışacağıq ki, cavab oyununda qol vuraraq, qalib gələk.
- 0:0 hesabını yaxşı nəticə sayırsan?
- Pis nəticə deyil. İkinci oyunda qələbə qazanmalıyıq.
- Premyer Liqada “Qarabağ”la, üç gün sonra isə kubokun cavab matçında “Sumqayıt”la qarşılaşacaqsız…
- Hər iki oyun bizim üçün vacibdir. Üç gündən bir oyun keçirmək çətin olacaq. Hər iki oyunda da lazımlı nəticələr almağa çalışacağıq.
- “Qarabağ”la bu mövsüm üç dəfə qarşılaşmısız, 1 bərabərlik, 2 məğlubiyyət almısız. Bunlardan birində də 0:6 hesabıyla uduzmusuz. Oyuna xüsusi motivasiya ilə çıxacaqsızmı?
- “Qarabağ” çempionatın lideridir. Hər komanda üçün onlara qarşı oynamaq çətin olur. Meydana xüsusi olaraq nəyəsə görə çıxacağımızı deyə bilmərəm. Ancaq bizə də xal lazımdır. Sonadək mübarizə aparmalıyıq.
- “Qarabağ”dan xal almağı, yoxsa kubokun finalına çıxmağı üstün tutardız?
- Hər ikisi də bizim üçün önəmlidir. Üstünlük verərdim ki, ikisində də meydandan yaxşı nəticə ilə ayrılaq. Vacib oyunlardır.
- Kubok sizin üçün də, “Sumqayıt” üçün də avrokuboklara getmək baxımından son şansdır. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ilk oyundan sonra keçirilən mətbuat konfransında finala çıxacaqlarına inandığını deyib…
- Məncə, gərgin oyun olacaq. Hər iki komanda üçün son şansdır. Biz də, onlar da meydanda bütün gücümüzü ortaya qoyacağıq. Şansımızı boşa vermək niyyətində deyilik.
- Uzun müddət “Sumqayıt”da forma geyinmisən. Keçmiş komandan hazırda Premyer Liqada son sıradadır. Buna səbəb nədir?
- Bu haqda nəsə demək düzgün olmaz. Komandanın içində olan insanlar bunu yaxşı bilər. Hər halda, bir sumqayıtlı kimi, “Sumqayıt”ın sonuncu pillədə olması ürəkaçan deyil. Onlara uğurlar arzulayıram.
- “Sumqayıt”dan ayrılarkən, başqa klublardan təklif var idimi?
- Xeyr, “Sumqayıt”la müqaviləm davam edirdi. Ancaq təkcə təklif “Zirə”dən gəldi.
- “Zirə”yə getməyinə səbəb nə idi?
- Xüsusi olaraq bir şey yox idi. Sadəcə, dəyişiklik etmək istədim. 8 il idi “Sumqayıt”da çıxış edirdim.
- Finala çıxsaz, “Qəbələ”nin, yoxsa “Qarabağ”ın rəqib olmasını istərdin?
- Seçim eləməzdim. Təki finala çıxaq. Kim gəlsə, sonadək mübarizə aparacağıq. Rəqibin kimliyindən asılı olmayaraq.
- Son olaraq, İçərişəhərdəki tarixi abidələrin dağıdılıb, yerində restoran, kafe tikilməsinə münasibətini öyrənmək istərdim.
- Qardaş, pis başa düşmə, bu, futbola aid sual deyil axı.
- Əslən ukraynalı olan milliləşdirilmiş güləşçi Mariya Stadnik buna etirazını bildirib, ancaq siz deyirsiz ki, futbola aid sual deyil.
- Tarixi abidələrin dağıdılması, aradan getməsi, hər halda yaxşı hal deyil. Tariximiz bizim gələcəyimizdir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin