
“Nəticə istəyiriksə, səbr etməliyik” – Ayxan Abbasov
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə Fransa millisinə qarşı keçirdikləri oyundan danışıb.
Komanda.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Azarkeşlərə təşəkkür etmək istəyirəm, abu-hava möhtəşəm idi. Nəticəyə baxmayaraq, sona kimi bizi dəstəklədilər.
Çox kökləndik, qələbə qazanmaq istəyirdik. İlk qolu vurduq. Fransa millisinə qol vurmaq çox çətindir. Təəssüf ki, alınmadı. Şahruddinin zədəsi bir az təsir etdi. 3-cü qolda kömək edə bilmədi.
Futbolçularıma çox təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Nəticə istəyiriksə, səbr etməliyik. İrəliləyiş var. İtkilərimiz çox idi, lakin yeni futbolçular da qazandıq. İrəliliyə baxacağıq.
Xəyal millidə oynamağı haqq edir. Hər iki oyunda çox yaxşı performans göstərdi. Ona oyun lazımdır. Mənim fikrimcə, Xəyal millinin əsas oyunçularından birinə çevrildi.
Bilirdik ki, qrup çətindir. Fransa ilə oyunu faciə olaraq çox tez-tez dilə gətirirdilər. Oyuna getməməyimizin daha yaxşı olacağını deyirdilər. İnam yox idi. Lakin futbolçularımız bu gün inamı artırdılar. Bu 4 oyunda futbolçularımızda çox irəliləyiş var idi və inam gəldi. Fransa ilə nə İslandiya, nə Ukrayna bu qədər hücum etməmişdi.
Biz D Liqasından qalxmalıyıq. Problemlər çoxdur. Biz futbolçuların tam formada olmasını istəyirik. Millimizin heyəti geniş deyildi. Seçim yox idi. Üç gündən bir oynamaq çətindir. Futbolçularımız daimi öz klublarında oynasalar, çətinlik çəkməyəcəklər. Əl-ələ verməliyik. Futbolumuzun inkşafı tək federasiyadan asılı deyil. Gənc futbolçular klublarında yetişirlər”.
Nəzrin
Bizi Facebook-da izləyin



