
Diniyev: “D Liqasına düşmüşüksə, Belarus da, Haiti də bizim komandadan üstündür”
Azərbaycan millisi martın 22-də yoldaşlıq oyunu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Milli komanda bu gün daha bir yoldaşlıq matçında Masazırdakı “Bank Respublika Arena”da Belarus yığması ilə üz-üzə gələcək.
Komanda.az Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Haiti ilə oyunla bağlı fikirlərini öyrənib və bu gün baş tutacaq Belarus yığması ilə matçdan gözləntilərini soruşub.
Millinin sabiq çalışdırıcısı Haiti yığması ilə baş tutan oyun haqda artıq nəsə deməyin yeri olmadığını bildirib:
“Haiti yığması ilə oyun haqda artıq nəsə deməyin yeri yoxdur. Düşünürəm ki, millimizin oyunu heç cür alınmadı. Kollektiv şəkildə müdafiə oluna və kollektiv hücumlar qura bilmədik. Məncə, millimizin ən zəif oyunlarından biri oldu. Yaranan qol vəziyyətlərindən istifadə edə bilmədikdə artıq çətin olur. On nəfərlə qalmaq da komandanı çətinə salır. Ümumiyyətlə, oyun haqda danışmaq çox çətindir. Nəticə acınacaqlı olsa da, Haiti yığması bizdən güclü olduğunu göstərdi.
O ki qaldı Belarus millisi ilə oyuna… Xal verməyən, komandanın hazırlığının hansı səviyyədə olmasını göstərən oyundur. Qələbə o sarıdan vacibdir ki, futbolçularda özünəinam yarada bilər. Oyunçularda qalib ruhu yaratmaq üçün qələbə qazanmaları önəmlidir. Bu oyun o mənada vacidir ki, milli özünə inamı qaytara bilsin. Çətin bir oyundur. Bu gün biz Millətlər Liqasında D Liqasına düşmüşüksə, deməli, Belarus da, Haiti yığması da səviyyəcə bizim komandadan üstündür. Ancaq biz bunu qəbul etmirik. Qəbul etməsək də, reallıq bundan ibarətdir”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


