Nədir, “istefa” qışqırmaq olmaz?
Məmməd Mirzə
Srağagün futbol üzrə Azərbaycan yığması növbəti acı məğlubiyyətini yaşadı. Oyunun özü bir tərəfə dursun, buna qiymət verənlər olacaq, biz başqa bir mətləbdən yazaq. Söhbət azarkeşlərin “istefa” şüarına görə saxlanılmasından gedir. Nədir, “istefa” qışqırmaq olmaz? Burda təhqir, yaxud hansısa alçaldıcı ifadə var? AFFA rəhbərliyi futbol ictimaiyyəti tərəfindən seçilən qurumdur (guya), bu ictimaiyyət də onun istefasını tələb edir. Burda azarkeşləri bölməyə aparmağa hansı əsas var?
Bu ölkədə mərhum Fuad Musayevi istefaya səsləyiblər, kimsə saxlanılmayıb. Bu ölkədə rəhmətlik Ramiz Mirzəyevi istefaya səsləyiblər, yenə kimsə həbs olunmayıb. İndi nə oldu, indiki AFFA rəhbərliyini istefaya səsləyəndə adamlar saxlanılır? Niyə? Hansı ağıla, hansı məntiqə sığır bu? Həmin azarkeşlərin bir az istəyi olsa, onları polisə aparanları məhkəməyə verib, oyuna baxmaqdan məhrum etdiklərinə görə kompensasiya tələb edər, üstəlik bilet pullarını da geri istəyərlər. Qoy sübut etsinlər ki, istefa sözündə hansısa təhqir var. Əks halda, kompensasiya ödəsinlər, dəymiş mənəvi ziyana görə.
Bu informasiya yəqin ki, xarici mətbuata da gedəcək. Onlar bizə doyunca güləcəklər. Yəni azarkeşlərin “istefa” şüarı qışqırmağına görə stadiondan çıxarılmalarına və saxlanılmalarına. Onlar bizdəki “demokratiya”dan şok keçirəcəklər.
Hər halda, bu hadisədən UEFA-nın da xəbəri olsa, irad bildirməmiş olmaz. Amma bunları yaza-yaza, Avropa çempionatının seçmə oyunlarında stadionun kənarına qoyulan reklam lövhələrindən “boylanan” SOCAR loqosunu görəndə, insan düşünür ki, bəlkə heç irad da bildirmədi bizə UEFA. Çünki maddi maraqlar əksər hallarda demokratik maraqları üstələyir. Ona görə ki, maddiyat konkret bir şeydir, demokratiya isə qeyri-maddi, mücərrəd. Əksər hallarda insanları qarnı düşündürür, qarınları doyandan sonra mənəvi məsələlər. Seçim qarşısında qalınarsa, yəni ikisindən birini seçməli olarsansa, onda əksər hallarda maddi olan seçilir. Bu, hər yerdə belədir, demokratik Avropada da, qeyri-demokratik şərqdə də…
Çox çığır-bağır salanları, yəni buna qarşı gedənləri də tarix boyu cəzalandırıblar. Ya həbsə atıblar, ya tonqalda yandırıblar, ya dar ağacından asıblar, ya maddi gəlir kanallarını kəsiblər ki, çöksün, ya da gülüş obyektinə çevirib, qeyri-ciddi yanaşmaya şərait yaradıblar. Bir növ zərərsizləşdirirlər ki, rahat yeyə bilsinlər, vicdanları sızlamasın.
Dünənki “istefa” şüarlarını susdurmağa cəhd də bu zərərsizləşdirmənin bir forması idi.
Bizi Facebook-da izləyin