“Mərhələ adlamaq üçün yaxşı şansımız var”
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Telez Thaqo Latviya ilə yoxlama matçından (3:1) sonra federasiyanın rəsmi saytına müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- Latviya ilə oyuna üstün başlasaq da, hesabı rəqib açdı.
- Yaxşı oynadıq. Özümüzə inanırdıq. Çalışdıq tapşırıqları çətin olsa da, yerinə yetirək. Çoxdandı bir yerdə oynamasaq da, bunu etməyə səy göstərdik. Əlbəttə, səhvlərimiz oldu. Elə səhvlərdən birində də rəqib qol vurdu. Alesionun bir gün əvvəl məşqdə dediklərini tam yerinə yetirə bilmədik, alınmadı. Yoldaşlıq oyunu hazırlığa xidmət edir. Biz də dünya çempionatına yaxşı hazırlaşmaq üçün bu oyunda nələri düzəltməli olduğumuzu gördük. Bundan daha yaxşı olmalı, oynamalıyıq.
- İkinci hissədə oyun planında üstünlük rəqibə keçdi. Halbuki hesabda üstün də deyildik. Bu, baş məşqçinin tapşırığı idi?
- Doğma meydanda oynayan Latviya fasiləyə heç-heçə yollanmaqla özünəinamı artırdı. Onlar meydan, azarkeş amilindən yararlanmağa çalışdı. Yenə deyirəm, bizim Avropa çempionatından sonra cəmi 1 yoldaşlıq oyunu keçirməyimiz sözünü dedi.
- Növbəti oyunda daha yaxşı çıxış edəcəyinə əminsən?
- Əlbəttə, ikinci oyun daha yaxşı keçəcək. Rəqibi iş başında gördük. Birinci oyunda çətinlik oldu. Ayaqlarımızda ağrılar var idi. Amma təkrar qarşılaşmada fərqli kombinasiyalar edəcəyik.
- Sonra isə Braziliyanı məğlub etmiş Serbiya qarşısına çıxacaqsınız. Həmyerlilərinin uduzması gözlənilməz olmadı?
- Komandadan heç kimlə danışmamışam, oyunu da izləməmişəm. Serbiya üçün əla nəticədi. Ancaq hər bir oyun fərqli macərada keçir. Braziliya mətbuatını oxudum və aydın oldu ki, serblər oyunu daha çox müdafiədə keçiriblər. Əks-hücumlardan və Braziliyanın səhvlərindən yararlanıblar. Bizimlə oyunda da favorit onlardı. Çünki Serbiyada oynayacağıq. Ancaq oyunun fərqli keçəcəyinə əminəm.
- Bütün bu oyunlar oktyabrda keçiriləcək rəsmi matçlara hazırlıq xarakteri daşıyır. Qrupumuzda yer alan komandalar – Slovakiya, Monteneqro və Moldova haqda nə deyə bilərsən?
- Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdü. Mərhələ adlamaq üçün yaxşı şansımız var. Asan olmayacaq, ona görə də arxayınlaşmaq olmaz. Çoxlu məşq etməli, turnirlərdə iştirak etməliyik.
- “Norskiy Nikel”də işlərin necə gedir?
- Hazırkı durumumdan məmnunam. Güclü çempionatda oynayırıq, hər qarşılaşma gərgin, maraqlı keçir. Rəqabət böyükdü və hər oyun finala bərabərdi.
- Yayda komandada qalacaqsan, yoxsa təkliflər var?
- Klub rəhbərliyi ilə ötən il danışmışdıq və bir illik müqavilə imzalamışdıq. İndi isə millidəyəm. Kluba döndükdən sonra işimi görməyə davam edəcəm. Hər şey ola bilər. Klubda qala da bilərəm, başqa variantları da dəyərləndirməyim mümkündü. Ancaq ilk növbədə hazırkı klubumla danışacam. Çünki burda olmaqdan məmnunam və daha bir il oynamaq istəyirəm.
- Başqa variantlar deyərkən hansı klubları nəzərdə tutursan?
- Heç bir klubla danışmamışam. Ona görə də ad çəkmək istəmirəm, düzgün deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin