“Mənim övladıma belə davranıblarsa, gör, Azərbaycanda nə qədər istedadlar yox olub gedib” – MÜSAHİBƏ

Tarixə qovuşan klublarımızdan olan “Bakı” mövcud olduğu dövrdə oyun üslubu, yetişdirdiyi futbolçularla diqqət mərkəzində olub. 1998-2006-cı illərdə AFFA İcraiyyə Komitəsinin üzvü olan, 1999-2004-cü illərdə “Dinamo Bakı”nın prezidenti funksiyasını yerinə yetirən və “Bakı” son nəfəsini verənə qədər klubda icraçı direktor postunu tutan Yaşar Seyidov isə uzun müddətdir böyük futboldan uzaq qalıb.

Seyidovla söhbət edib, fərqli mövzularda fikirlərini öyrəndik:

  • Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü sona çatır. Avrokuboklara vəsiqəni təmin edən 4-cü pillə uğrunda “Qəbələ” və “Zirə” arasında mübarizə davam edir. Sizcə, hansı komanda buna daha çox layiqdir? Elmar Baxşıyev – Rəşad Sadıqov duelində hansı mütəxəssisi üstün sayırsız?
  • Həm “Qəbələ”, həm də “Zirə” 4-cü yeri tutmağa layiqdir. Onlar həmin mövqe uğrunda sona qədər mübarizə aparacaqlar. “Elmar Baxşıyev – Rəşad Sadıqov duelində hansı mütəxəssisi üstün sayıram” sualını belə cavablandırardım: hər iki gənc məşqçimizə uğurlar arzulayıram. Öz üzərilərində işləməlidirlər. Həm Baxşıyev, həm də Sadıqov dördüncü yeri tutmağa layiqdir. Onların karyeraları qabaqdadır.
  • “Qəbələ”dən söz düşmüşkən, “qırmızı-qaralar” ölkə kubokunun ilk matçında qələbə (3:2) qazandılar. Finala çıxmaq üçün “Səbail” Bakıda onlara əngəl ola bilər? Şahin Diniyevin xüsusi planının olduğunu düşünürsüz?
  • Azərbaycan kubokunun yarımfinalının “Səbail” – “Qəbələ” matçının çox maraqlı və gərgin keçəcəyini indidən söyləmək olar. Doğrudur, “Qəbələ” ilk oyunda minimal üstünlük qazansa da, cütün taleyi Bakıda həll olunacaq. Nəzərə almaq lazımdır ki, ilk qarşılaşmada oyunun əvvəlində üstün tərəf paytaxt təmsilçisi idi. Həm də, Şahin müəllimin komandasının çempionatı titulla başa vuraraq, ölkə kubokunun qalibi kimi avrokuboklara getmək şansları az da olsa, qalır. Düşünürəm ki, Şahin müəllim və komandası əllərindən gələni edəcəklər. Eyni zamanda, “Səbail”in futbolçuları məsuliyyəti dərk etməlidirlər. Rəhbərlik onların yaxşı çıxış etmələri üçün lazımı şərait yaradıb. Komandanın gələcək taleyi qarşıdakı oyunlarla müəyyənləşə bilər. Bu səbəbdən, matç maraqlı olacaq.
  • Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Şamaxı” və “Səbail” arasında elitada qalmaq uğrunda mübarizə hər keçən tur daha da artıq. Sizcə, onlardan hansı Premyer Liqada qalmağa layiqdir? Hansı amilə görə birini digərindən daha üstün hesab edirsiz?
  • Doğru qeyd edirsiz, “Şamaxı” və “Səbail” arasında Premyer Liqada qalmaq uğrunda mübarizə sona qədər davam edəcək. “Sumqayıt” da təhlükəli zonadadır. Qarşıdakı turlarda “Şamaxı”nın “Sabah”, “Zirə”, “Neftçi”, “Qəbələ” və “Səbail”lə, “Səbail”in isə “Qəbələ”, “Sumqayıt”, “Qarabağ”, “Turan Tovuz” və “Şamaxı” ilə oyunları var. İndidən fikir bildirmək çətindir. Hər iki komandanın şansları eynidir. Lakin məni düşündürən vacib bir məsələ də var. Bildiyimiz kimi, Premyer Liqada iştirak edən klublara üç milyon manat vəsait verilir. Yaxşı olardı ki, vəsait ayrılarkən AFFA, klublar və maliyyəni təmin edən tərəflər arasında həmin rəqəmə bir daha baxılsın. Keyfiyyətli futbol istəyiriksə, milli komandaya yaxşı futbolçular hazırlamaq kimi niyyətimiz varsa, bu vəsait mütləq artırılmalıdır. Çempionatda iştirak edən komandaların sayı 12 olarsa, daha yaxşı olardı. Diqqət edin, kubok oyunu da nəzərə alınsa, bir komanda digəri ilə altı dəfə qarşılaşır. Məncə, bu, idman prinsipləri ilə düzgün deyil. Hər halda, bu məsələlərin həll ediləcəyinə inanıram.
  • “Sumqayıt”ın da durumu o qədər ürəkaçan deyil. Azarkeşlərinin təbirincə desək, “böyük şəhərin tək komandası”nın dərdi nədir?
  • “Sumqayıt”ın problemlərinə gəldikdə, Samir Abasov zaman-zaman problemlərin nədən qaynaqlandığını dilə gətirir. Bu komandanın problemlərini daha dəqiq bilirəm, amma demək istəmirəm. Sözü o zaman deyilər ki, onun nəticəsi olsun. Samir Abasovun “Sumqayıt”ı Premyer Liqada saxlayacağına inanıram. Səmimi olacam: o, öz işinə vicdanla yanaşır. Yenə də çalışacaq. Komandanın bu vəziyyətə düşməsində günahkar o deyil.
  • Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələ matçlarında ardıcıl iki dəfə böyük hesabla məğlub oldu. Tənqidlərin sayı-hesabı yox idi. Sizcə, kimdir müqəssir?
  • Bilirsiz milli komandamızın uğursuz çıxış etməsinin əsl günahkarı kimdir? Yenə səmimi olacam: bizik, hamımız. Gözəl şairimiz Musa Yaqub demişkən:

Bir gözünü mən əydim, bir gözünü sən,

Niyə narazıyıq bu tərəzidən?

Sən çeşmə qurudan, mən ağac kəsən,

Bir günah sənindir, bir günah mənim.

Ömür təsəllidi, ümid sabahdı,

İndi öz xeyrinə çoxu agahdı.

Hərə dolanışa bir cür nigahdı,

Bir nigah sənindir, bir nigah mənim.

On illərlə 17, 19 yaşlı futbolçuların arasına xaricdən futbolçu gətirib oynadanda nəticəsi də belə olmalı idi. Bunu öncədən bilməliydik.

  • AFFA yığmanın çalışdırıcısı Canni De Byazi ilə yola davam etmək qərarını verdi. Növbəti oyunlarda nəyəsə ümid etmək olar?
  • Hamı Canni De Byazini günahkar kimi görür. Əlbəttə, cavabdeh baş məşqçidir. Məğlubiyyətlərimizin hamısı nəticədir. Səbəb isə başqa yerdədir.
  • AFFA-nın legioner limitini dəyişmək istədiyi deyilir. Bu barədə nə deyə bilərsiz? Yerli futbolçular futbol oynamağı öyrənsin deyə, əcnəbilərin sayı azalmalıdır?
  • Limitlə bağlı iki dəfə məsələyə baxılıb, dəyişiklik edilib. Bununla bağlı araşdırma apara bilərsiz. O zaman əsl həqiqət üzə çıxacaq. Milli dəyərlər diqqətdən kənarda qalmamalı, gələcək naminə qərarlar qəbul edilməlidir. Təcrübəsi olmayanlar, futbolu əyləncə kimi düşünənlər bu sahədə ola bilməzlər. Bu gün klublarda nələrin baş verdiyini özünüz hamıdan yaxşı bilirsiz. Görünən kəndə nə bələdçi…
  • “Bakı”nın keçmiş bazasının yerində indi yaşayış kompleksi tikilir. Həmin yaşayış kompleksini görmüsüz? Hansı hisləri keçirmisiz?
  • Üzrlü sayın, o mövzuda danışmaq istəmirəm. “Bakı”nın keçmiş bazasının yerində indi yaşayış kompleksinin tikilməsi mənə pis təsir edir.
  • Oğlunuz Valeh vaxtilə Portuqaliyanın “Louletano” klubu ilə anlaşmışdı. Hazırda nə işlə məşğuldur?
  • Oğlum Valeh haqqında danışmaq mənim üçün həm xoşdur, həm də ağırdır. Bu gün milli komanda nə üçün zəif çıxış edir? Hazırkı uğursuzluğun təməli çox illər əvvələ gedir. Valeh çempionatda çıxış edərkən 22 oyunda 42 qol vuraraq, mövsümün ən məhsuldar futbolçusu oldu. Onu milli komandaya çağıraraq ehtiyatda oturtdular. Əvəzinə isə Cem Fələki oynatdılar. Nəticədə, Valeh futboldan küsdü, Azərbaycandan getdi. Bunları ürək ağrısı ilə deyirəm. Mənim övladıma belə davranıblarsa, gör, Azərbaycanda nə qədər istedadlar yox olub gedib… Valeh 44 günlük Vətən Müharibəsi zamanı 42 gün cəbhə xəttində oldu. Hazırda ABŞ-nin nüfuzlu şirkətlərinin birində audit kimi çalışır.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button