
Mircavadovdan Santuşa məsləhət – MÜSAHİBƏ
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Ağasəlim bəy, Azərbaycan millisinin son yoxlama oyunları ilə bağlı fikirləriniz maraqlıdır.
– Belə başa düşürəm ki, heyət tam dəqiqləşməyib. Mənə elə gəlir. Çünki martdakı oyunlar məlum idi ki, hansısa oyunçunu dəvət etmək və yaxud da, hansısa oyunçu hazır olmaya bilərdi, yoxlamaq üçün idi. Amma Fernandu Santuş bu son matçlarda heyəti mükəmməl bilməli və taktiki gedişlər etməli idi. “Hansı sistemlə oynamaq lazımdır” kimi məsələlər. Çünki daha bundan sonra onun yoxlama görüşü yoxdur. Və birdən-birə dünya çempionatının seçmə oyunlarında oynamaq lazımdır.
İki fərqli oyun izlədik. Latviyadakı qarşılaşmada bir-iki qol vəziyyətlərimiz oldu, amma hansı oyunu oynayırıq, necə oynayırıq, nə etmək istədikləri mən deyərdim ki, aydın olmadı, aşkarlanmadı. Macarlarla ilk hissəni tam uduzduq. Onlar topa sahib olmada aşkar üstünlüyə malik idilər. Oyun bitdikdən sonra baxdım ki, bu fərq 69 faizin 31-ə rəqibin xeyrinə idi. Amma birinci ilə ikinci hissə arasındakı fərq həddindən artıq böyük idi. İlk hissədə beşli sistemlə çıxış edirdilər. Ümumiyyətlə, sistemlər hamısı yaxşıdır. Amma bu sistemdə oynamaq tam başqadır. Mən belə başa düşürəm ki, hansı futbolçular ki bizdə var, hansı sistemə uyğundurlarsa, həmin sistemlə oynamaq lazımdır. Beşli sistemi bizdə “Turan Tovuz” tətbiq edir, o da Kurban Berdıyevin gəlişindən sonra. Ola bilər ki, bəzi klublar hansısa matçlarda beşli sistemi tətbiq etsinlər. Elə fikirləşirlər ki, beş müdafiəçi olarsa, az top buraxa bilərik. Amma bu, yanlışdır, yəni, müdafiəçilərin sayını artırmaqla olmur. Müdafiədə çox futbolçu ilə oynamaqla deyil, keyfiyyət lazımdır. Fərq oldu, əsasən orta xətdə. Emin Mahmudov – bu oyunçu mən deyərdim ki, həm qol vurur, həm də qol vəziyyətləri yaradır. Həm də ki, iş əmsalını həddindən artıq yüksəldir. Emin ilk hissədə topsuz çox hərəkət etdi, amma dördlü sistemə keçdikdən sonra isə… Baxın, Azərbaycan klublarının əksəriyyəti dördlü sistemdən istifadə edir. Emin iki dayaq yarımmüdafiəçisinin qarşısında oynadı və ondan sonra oyunda bir az canlanma müşahidə olundu, qol vəziyyətləri də yarandı. Son 10 dəqiqədə yaxşı şanslarımız oldu. Əsasən künc zərbələrindən, standart vəziyyətlərdən qol epizodları yarandı.
Bütün bunlar onu göstərir ki, biz hələ dünya çempionatının final mərhələsinə hazır deyilik. Çünki heyət hazır deyil. Bu oyunlar elə göstərdi. Bir də ki, Santuş tez-tez rotasiyalar edirdi. Məlum şeydir, rotasiya lazımdır, oyunçu yorulur, çempionat başa çatıb, amma hazırda komandanın “skelet”i olmalıdır. Yəni, plan olmalıdır. A plan “skelet” olaraq, hansısa mövqelərimizdə səhvlər olarsa, o zaman B planını işə salmaq lazımdır. Bilirsiz, elə oyunlar var ki, bizə yaxşı oyun deyil, xallar, nəticə lazımdır. Həmin bu iki oyun ondan ibarət idi ki, uşaqlarda qələbə ruhu olsun, həm uşaqlar məşqçiyə, həm də məşqçi uşaqlara inansın. Amma əfsuslar olsun ki, bu alınmadı. Düzdür, Latviyada heç-heçə etdik, amma olmadı, alınmadı. Çünki inam bizə vacib lazımdır. İnam olan yerdə işgüzarlıq da, qələbələr də olur. Amma alınmadı. Görək indi sentyabrda necə olacaq. Bir də ki, baş məşqçi gedib klubların baş məşqçiləri ilə görüşməlidir. Çünki indiki halda dörd klubumuz avrokubok oyunlarına hazırlaşır. Orda yığmanın oyunçuları var. Santuş bundan istifadə etməlidir ki, yığmanın oyunçuları yaxşı hazırlaşsınlar ki, sentyabrda uğurlu oyunlar olsun.
– Necə düşünürsüz, Fernandu Santuş qalmalıdır, yoxsa göndərilməlidir?
– Qalıb-qalmamağı AFFA rəhbərliyinin işidir, dəvət ediblər. Bildiyimə görə, onun müqaviləsinin müddəti 2028-ci ilə kimidir. Özü də bəzi suallara cavab verib. Bu məsələ rəhbərliyin işidir.
– Rəhbərliyi anlayırıq. Bizə sizin fikriniz maraqlıdır.
– Mənim fikrimlə razılaşmırlar axı. Bir məşqçini dəvət edəndə onu hərtərəfli araşdırıb təhlil edirlər. Mən deyərdim ki, tanınmış məşqçidir. O, hansısa yığma komandada çalışıb və ya hansısa kluba rəhbərlik edib. Orda necə işləyib? Komanda səviyyəsində bir sistem qurub, ya yox? Baxın, söhbət bundan gedir. Ola bilər ki, Avropada yanaşma başqa olsun, amma bizdə yanaşma, mütləq klub məşqçiləri ilə görüşlər olmalıdır. Çünki oyunçular klubdan gəlir. Biri var tək-tək danışırsan, biri də var ki, klub məşqçilərini yığıb, onlara öz taktiki gedişlərini izah edirsən. Bildirirsən ki, xahiş edirəm, mən belə sistemdə oynamaq istəyirəm, uşaqlar belə hazırlaşsınlar. Yəni, fikir mübadiləsi olmalıdır. Santuş Portuqaliya millisində çalışıb, ola bilər ki, yanaşma orda tam başqadır, mən bunu bilmirəm. Amma bizdə isə klublarla sıx əlaqədə olmalıdır, mütləq. Mən elə düşünürəm ki, hər oyundan sonra hər bir oyunçunun gördüyü iş əmsalını klub məşqçilərinə verməlidirlər: hansı mövqedə çıxış edib və iş əmsalı bu qədərdir. Yəni, bu olmalıdır. Yığmanın baş məşqçisi klub məşqçiləri ilə sıx əlaqədə olmalıdır. O zaman nəsə əldə etmək olar. Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, bizdə legioner limiti ləğv olunub. Həmin bu oyunçular klublarda oynayırlar. Hələ bilinmir ki, onlar klublarında nə qədər oynayacaq. Çünki mən izləyirəm, klublar ancaq əcnəbi oyunçu gətirir. Yerli oyunçu var, ya yox, ona fikir vermirlər artıq. Bu əsas amillərdən biridir ki, yığmanın oyunçuları mütləq klublarında oynamalıdırlar. Yəni, oyun praktikası olmalıdır.
– Santuş artıq bir ildir burdadır və dediz ki, hələ də heyəti müəyyənləşdirməyib. Bir il heyəti müəyyənləşdirmək üçün kifayət etmədi?
– Hər bir məşqçinin öz iş üslubu var. İndi ola bilər ki, Santuşda fərqlidir. Bir də, bizdə oyunçuların əksəriyyətinin yaşı 30-dan yuxarıdır. Mərkəz müdafiəçilərimiz, orta xətt oyunçularımız – yəni, problemlərimiz çoxdur. Həddindən artıq problemlər var. Bəs, o problemləri həll etmək üçün də cavanları yetişdirmək lazımdır. Bəli, Santuş gənc oyunçuları dəvət edir, amma 15 dəqiqə və ya bir hissə oynamaqla o gənc yığmaya hazırdır, hazır deyil, bilinmir. Onu psixoloji olaraq hazır etməlisən ki, yığmaya hazır vəziyyətdə gəlsin. Yəni, ona inanmalısan. Bax, söhbət bundan gedir. Həmin o gənc oyunçu da klubunda hələ mən bilmirəm davamlı olaraq oynayacaq, ya yox. Limit ləğv olundu, çempionat başlasın, hələ görək şans qazanacaq, qazanmayacaq, bax, hələ bunun özü sual altındadır. Problemlər çoxdur, onları da həll etmək üçün düşünürəm ki, ancaq klub məşqçiləri ilə sıx əlaqədə olmaqla aradan qaldırmaq olar.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



