“Məni yetişdirən adam köməkçim ola bilməz” – Rəşad Sadıqov
“Təlim-məşq toplanışını son yoxlama görüşü ilə tamamladıq. Ümumilikdə hər şeydən razıyam”.
Komanda.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la keçirilən yoxlama oyunundan sonra deyib.
39 yaşlı mütəxəssis 3:3 hesabı ilə başa çatan görüşdən sonra transfer planları barədə məlumat verib. O, heyətə iki yeni oyunçu qatmaq fikrində olduqlarını bildirib: “Seleksiya məsələlərində işlər istədiyim kimi getmir. Transfer dönəmində belə hallar olur. Bəzən istədiyin vaxt keçid alınmaya bilər. İstədiyimiz futbolçularla danışıq müsbət yekunlaşsa, yaxın günlərdə komandaya dəvət etməyi fikirləşirik. Həmin futbolçuların maddiyatına da önəm veririk. Məsələn, iki oyunçu gətirsək, sonra baxacağıq ki, üçüncüyə imkanımız çatır, ya yox. Bu gün üçün iki transfer düşünürəm. Əsasən mərkəz yarımmüdafiəçisinə ehtiyacımız var. Ön xətti də gücləndirmək istəyirik. Hazırda hücumda 4-5 oyunçumuz var. Çempionatda 15 matçımız olacaq, həmçinin ölkə kubokunda mübarizə aparacağıq. Bu səbəbdən rəqabətə ehtiyacımız var. İlk yarıda heyət kasadlığından çox əziyyət çəkdik”.
Sadıqov yenicə köməkçi məşqçi təyin olunan Vaqif Paşayevlə bağlı fikirlərini də bölüşüb: “Bura gəldiyim ilk gündən Vaqif Paşayevi gətirmək planımda var idi. Peşəkar məşqçiliyə başlayandan Vaqif müəllimlə bir yerdə olmaq planımda olub. Formal olaraq köməkçi məşqçi olacaq. Amma məni yetişdirən adam köməkçim ola bilməz. Bunu yaraşdırmaram. Mən ona köməkçi məşqçi olaram. Məşqçi heyətimizin ağsaqqalı, məsləhətçisi kimi ona ehtiyacımız var. Sağ olsun, razılaşdı”.
Baş məşqçi “Benfika”ya yollanması yubanan gənc futbolçu Cəlal Hüseynovla bağlı problemlə üzləşdiklərini vurğulayıb: “İki klub arasındakı razılaşmaya əsasən, Cəlal Hüseynov yanvarın 3-dən 16-dək “Benfika”nın toplanışında olmalı idi. Amma viza problemi ortaya çıxdı. Belə problemlə qarşılaşacağımızı düşünmürdük. Hətta “Benfika” rəhbərliyi də səfirliyə bununla bağlı müraciət etdi. Artıq yeni müddət təyin olunur. Dünən iki klub arasında danışıq oldu. Orada koronavirusa yoluxma sayı çoxalıb. Ola bilsin ki, sərtləşdirilmiş karantin elan eləsinlər və hava limanını bağlasınlar. Bu səbəbdən elə vaxt müəyyənləşdirmək istəyirik ki, uyğun olsun. İstənilən halda futbolçu nəzarətdə saxlanılır. Onunla bağlı bizdən materiallar istənilir. “Benfika” ilə sıx əlaqədəyik. Cəlala görə bu keçidin baş tutmasını çox istəyərdim. O, bizim üçün çox önəmli oyunçudur, matçlarda iştirak edir, əsas heyətə doğru yaxınlaşır. Gələn il artıq limitdə onu əsas heyət üzvü kimi oynatmağı düşünürdüm. Amma belə bir gedişin qarşısını ala bilmərəm. Əksinə, hər cür şərait yaratmağa çalışıram. Cəlalla hərtərəfli söhbətlər aparırıq, psixoloji cəhətdən də hazırlamağa çalışırıq ki, orada çətinliklə üzləşməsin. Gedişi Azərbaycan futbolu üçün yaxşı olar”.
Sadıqov müdafiəçinin keçidinin baş tutacağı halda, “Zirə”nin maliyyə qazancı götürəcəyini deyib: “Benfika” kimi böyük klublarda iki cür seleksiya olur. Biri var bu gün üçün nəzərdə tutulan transfer, biri də var gələcək üçün planlaşdırılan. Onlar da Cəlalı nə üçün transfer etdiklərini bilirlər. Bizə aydındır ki, bu, gələcəyə yönələn addımdır. İnşallah, ona veriləcək şansdan istifadə edər. Əsas odur ki, ilk baxışdan keçə bilsin. İki komanda arasında müqavilənin şərtləri var. Cəlal baxışdan uğurlu keçsə və transfer baş tutsa, “Zirə” də gəlir əldə edəcək”. (Report)
Bizi Facebook-da izləyin