“Mən orada penalti görmədim” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sumqayıt”la səfər görüşündən sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağ olsun. Hakimlər haqda danışmaqdan yoruldum. Amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadı. Penaltidən savayı Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək də. Futbolçunun ağzından qan gəlir, özü-özünə etmədi axı. Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla. “Qəbələ” ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağ olsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv edib. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşek də gəlib öyrədir, danışır futboldan. Sağ olsunlar.
“Araz-Naxçıvan”ı yuxarıda görmək istəmirlər. “Turan Tovuz”la görüşdə bizə ikinci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdur. Ola bilər ki, elə oyunlar var, gözləntilərə cavab vermirik. Bu, mənim üçün normaldır. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadlığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik.
Penalti epizoduna 10 dəfə baxaq, mən orada penalti görmədim. Mən özüm-özümdən şübhələnirəm ki, bəlkə, biz futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Mən demirəm ki, zəif hakimlikdir, ya deyil. Sadəcə deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budur, mən nə edə bilərəm?
Məncə, səhvlər hələ davam edəcək. Biz buna öyrəşməli, bununla da bərkiməliyik. Bir hakim 22-ci turda bizim oyunda, 23-cü turda VAR-da, 25-ci turda meydanda, 26-cı turdakı matçımızda isə VAR-dadır. Onu göndərənlər fikirləşsin. Türkiyədə klubun prezidenti meydançaya çıxıb, hakimi vurdu. Görün klubun prezidentini hansı hala salıblar ki, ağıllı-başlı insan belə edib”.
Bizi Facebook-da izləyin