Məmmədli sədr müavini seçildi
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı keçirilib.
Komanda.az xəbər verir ki, yığıncağı giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov, gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək, ötən il keçirilən yarışlar barədə məlumat verib. Yığıncaqda çıxış edən federasiyanın sədri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün muxtar respublikamızda gənc idmançılar nəsli yetişib və yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na salınıb.
Cababrov qeyd edib ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2018-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırılıb. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi muxtar respublikada yeni yaradılan kikboksinq federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Yeni yaranmasına baxmayaraq, federasiya artıq bir neçə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edib, idmançıları uğurlu nəticələr əldə edərək bu yarışlardan 19 medal qazanıblar. Belə ki, İsmayıllı Olimpiya-İdman Kompleksində kikboksinq üzrə yeniyetmələr və gənclər arasında keçirilən ölkə birinciliyində, İlham Əliyev adına Olimpiya-İdman kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş kikboksinq üzrə Beynəlxalq Peşəkar turnirdə, “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirində, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan kikboksinq üzrə uşaq və yeniyetmələr arasında muxtar respublika birinciliyində federasiyanın idmançılarının iştirakı təmin edilib. 2018-ci il ərzində şəhər və rayonları əhatə etməklə 246 idmançı, 10 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib.
Yığıncaqda Tahir Məmmədli yekdilliklə federasiyanın sədr müavini seçilib, federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi təsdiq olunub. Məşqçi-müəllimlərin fikirləri dinlənildikdən sonra Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Bizi Facebook-da izləyin