ÇL: Turində darmadağın, “Çelsi” 1/4 finalda
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Komanda.az xəbər verir ki, dünən gecə daha iki oyun keçirilib. “Mançester Yunayted” “Old Trafford”da “Atletiko”nu qəbul edib.
Komandaların ilk duelində 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Həmin matçdan sonra tərəflər ölkə çempionatlarında 3 oyun keçiriblər. Madrid klubu sırayla “Selta”, “Betis” və “Kadis” üzərində qələbə qazanıb.
“Qırmızı şeytanlar”ın isə statistikası elə də ürəkaçan deyil. “Uotford”la heç-heçədən sonra “Mançester Siti”yə uduzan Ralf Ranqnikin yetirmələri yalnız son turda “Tottenhem” üzərində qələbəylə əhval-ruhiyyəni düzəltmiş oldu.
Heyətlə bağlı ciddi problem yox idi. Yalnız “Atletiko”dan cəzalı Yannik Karrasko bu matçı buraxmalı olub. Amma bu, Madrid təmsilçisinin çətin rəqib üzərində səfər qələbəsinə sevinməsinə mane olmayıb.
Gecənin digər maraqlı qarşılaşması “Yohan Kroyff Arena”da olub. Burada “Ayaks”la “Benfika” 1/4 finala vəsiqə uğrunda cavab matçına çıxıblar.
Komandaların ilk oyununda məhsuldar heç-heçə qeydə alınmışdı. Məhz həmin qarşılaşmadan sonra “Ayaks” Erediviziyada mövsümdə ilk səfər məğlubiyyətinin acısını daddı. Lakin son 3 görüşdə qalibiyyət və ölkə kubokunda finala yüksəlməsi Amsterdam klubunda işlərin qaydasında getdiyindən xəbər verirdi. Ancaq “Benfika” ilə bağlı eyni sözləri söyləmək çətindir. “Qartallar” ümumilikdə son 5 oyunda cəmi 2 qələbə qazanmışdı.
İndiyədək 8 dəfə üz-üzə gələn komandaların duelində “Ayaks”ın üstünlüyü vardı: 4 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə. “Benfika”nın 1969-cu ildən bəri “Ayaks”ı məğlub edə bilmədiyini nəzərə alsaq, bu dəfə də Niderland klubu cütün aşkar favoriti kimi görünürdü. Amma gözlənilənlərin əksinə olaraq, “Benfika” bu rəqibini səfərdə məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.
Bu gün keçirilən son iki oyunla 1/8 final mərhələsinin cavab qarşılaşmalarına yekun vurulub. “Yuventus” “Vilyarreal”ı sınağa çəkib. İlk görüşdə komandalar hərəyə bir qolla yadda qalmışdı. Cavab matçında İspaniya təmsilçisi darmadağınla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Digər matçda isə “Lill” turnirin son qalibi “Çelsi”ni qəbul edib. Bu komandaların ilk qarşıdurması London klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Cavab matçından da qalib ayrılan “zadəganlar” növbəti mərhələyə yüksəliblər.
“Bayern”, “Mançester Siti”, “Liverpul” və “Real” artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
15 mart
00:00 Mançester Yunayted (İngiltərə) – Atletiko (İspaniya) 0:1
Qol: Lodi, 41.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1
Ayaks (Niderland) – Benfika (Portuqaliya) 0:1
Qol: Nunes, 77.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
İlk oyun – 2:2
16 mart
Yuventus (İtaliya) – Vilyarreal (İspaniya) 0:3
Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 1:1
Lill (Fransa) – Çelsi (İngiltərə) 1:2
Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun – 0:2
Bizi Facebook-da izləyin