“Mxitaryan belə qorxursa, özünə “pampers” alsın”
Vaxtı ilə “Mançester Yunayted”, “Everton”, “Mançester Siti” kimi klublarda forma geyinmiş sabiq rusiyalı futbolçu Andrey Kançelskis bu gün Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “rusfootball.info”ya müsahibəsində Kançelskis, “Arsenal”la “Çelsi” arasında yaxşı oyun keçəcəyinə inandığını bildirib:
“Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda bir nömrədir. Finalda iki ingilis klubunun olması digər çempionatların bu gün dayanmasının göstəricisidir. Vaxt vardı, ispanlar, italyanlar Avropa futbolunda dominantlıq edirdilər, indi isə ingilislərdir. Burada qəribə və təəccüblü heç nə yoxdur. Hər şey qanunauyğundur.
Əminəm ki, finalda yaxşı futbol olacaq. Heç vaxt proqnoz verməmişəm. Komandaların şansları barədə danışsaq, mənə elə gəlir ki, “Çelsi” daha üstündür. Çünki onlarda bütün xətlərdə balanslaşdırılmış heyət var. Fikrimcə, onlar qalib gələcək. Ancaq final finaldır. Məncə, oyun penalti seriyasınadək uzanmayacaq, matç əsas vaxtda başa çatacaq. Amma istənilən halda, yaxşı matç olacaq. Çünki ingilislər açıq futbol oynayır”.
Rusiya millisinin sabiq futbolçusu “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı suala da cavab verib. O, erməni futbolçunu “qorxaq” adlandırıb:
“Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır! Sadəcə, gülməlidir. Bu, nə sirkdir! Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan. Sənə, ümumiyyətlə, orda nə edəcəklər? Azərbaycanla Ermənistan arasında münasibətlər nə qədər pis olsa da, sən gedib oynamalısan. Sonda sənə heç kim barmağı ilə toxunmayacaq! Ola bilsin ki, fitə basdılar, qışqırdılar… Maradonanı da İngiltərə yığmasına əllə qol vuranda fitə basırdılar. Maradona ki, yaşayır! Mxitaryan belə qorxursa, özünə “pampers” alsın.
İlya Tsımbalar öləndə “Spartak”ın nümayəndələri cənazə üçün Odessaya getməkdən qorxurdular. Qorxurdular ki, onları öldürəcəklər. Onlar açıq şəkildə deyir ki, qorxurlar. Onda da demişdim ki, özlərinə “pampers” alsınlar. Kim sizə toxuna bilərdi ki? Həmin futbolçu həyatını “Spartak”a həsr etmişdi, amma onlar getmədilər…
İnsan istəyirsə, o, özündən asılı olan hər şeyi edir. Qorxursansa, onda etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirməməyə görə cərimələyərdim. Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryandır. Çünki o, Bakıya getmədi və komandasına kömək etmədi”.
“Arsenal”la “Çelsi” arasında final matçı bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin