“Bizə 4-5 futbolçu da lazımdır” – MÜSAHİBƏ

“Şamaxı”nın və Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Yeni mövsüm öncəsi hazırlıq planlarınızı tam şəkildə reallaşdıra bilmisiz?

– Yeni mövsümə hazırlıq plan şəklində gedir. Üç həftə Qəbələdə toplandıq. Hazırda Şamaxıdayıq. Beş yoxlama oyunu keçirməli idik, onlardan dördü baş tutub. Son oyunumuz qalıb, iş planlı şəkildə gedir.

– İstədiyiniz oyunçuları komandaya cəlb edə bildiz, yoxsa hələ də boşluqlar var?

– Ümumən, biz seleksiyaya mart, aprel aylarından başlamışdıq. Əlbəttə, bu baxımdan ən önəmlisi maddiyatdır. Yəni, biz öz büdcəmizə uyğun oyunçular axtarırdıq. Belə, istədiyimiz mövqeləri doldura bilmişik, amma say azlığımız var. Bunu gənc futbolçularla sığortalamaq istəyirik. Gətirmək istədiyimiz bəzi gənc oyunçular var idi ki, alınmadı. Bu gün heyətimizə baxsaq, hardasa, 4-5 futbolçu da lazımdır ki, tam şəkildə komplektləşək. Bunun üzərində çalışırıq, ola bilər, bəzi gəncləri icarəyə götürək. Çalışacağıq ki, bunu bitirək.

– “Şamaxı”nın hazırkı heyəti növbəti mövsümdə Premyer Liqada hansı yerlər uğrunda mübarizə aparmağa imkan verəcək?

– Yer barəsində danışmaq istəmirəm. Çünki bu gün maliyyə, büdcə baxımından çempionatımızdakı komandaların durumu bəllidir. Bu gün bəlkə də, tək komandayıq ki, bizdə sponsor yoxdur. Ancaq dövlətin ayırdığı pulla ikinci mövsümdür ki, mübarizə aparacağıq. Biz burada bəzi şeylər, gənc futbolçular qazanırıq. Yeni legionerlər gətirmişik. Son mövsüm Belajdinin satışından pul qazandıq. Bəlkə də, klub bu mövsüm hansısa legionerin maraq dairəsi ola bilər və belə inkişaf edər. Yəni, bugünkü gündə biz möhkəmlənmək istəyirik və bunun üçün də ilk növbədə Premyer Liqada qalmaq lazımdır. Ona görə də, çalışacağıq. Son mövsümü də götürsək, hər kəs fikirləşirdi ki, “Şamaxı” yüksək liqada qalmaq üçün vuruşacaq, amma biz bir çox komandanı qabaqlaya bildik. Məncə, 7-ci pillə “Şamaxı” üçün uğur idi. Ona görə də, bax, belə hərtərəfli inkişaf etmək istəyirik.

– Rəhbərlik yeni mövsümdə qarşınıza hansısa hədəf qoyub? Və sizin öz hədəfiniz nədir?

– Hər bir məşqçinin öz hədəfi var. Yaxşı olmaq, uduzmamaq, qələbə qazanmaq istəyirik. Amma yenə deyirəm, bəzi hədəflər maliyyəyə bağlıdır. Yəni, sən istədiyin hədəfə uyğun maliyyə olmalıdır. Bu gün bizim hədəfimiz bəllidir: Premyer Liqada güclənmək və yerimizi qorumaq.

– “Sabah”la “Araz-Naxçıvan”ın avrokuboklardakı çıxışı ilə bağlı nə deyə bilərsiz?

– “Sabah” və “Araz-Naxçıvan”la yanaşı, mən deyərdim ki, “Zirə” də uğurlu çıxış etdi. Düzdür, “Zirə” mərhələni keçmədi, amma oyun baxımından Xorvatiya komandasına (“Hayduk”) məğlub olmadı, reytinqdə xal qazandıq. “Araz-Naxçıvan” buradakı qələbədən sonra səfərdə çox ağıllı, diqqətli futbol oynadı. “Sabah”ı xüsusi ilə vurğulamaq istərdim. Düzdür, Avropa Liqasında bir tur keçmiş olsaydılar, Konfrans Liqasını qarantiya edərdilər. Amma burdan da şansı var. Moldova komandasını (“Petrokub”) hər iki oyunda üstələdi, açıq şəkildə favorit idi. Klublarımızın belə uğurlu çıxışı sevindirir. Əlbəttə, bu, futbolumuza xeyirdir, inanıram ki, ardı gələr.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button