
“Avropada elə böyük komandalar var ki, “Qarabağ”ın etdiyini edə bilmirlər” – AÇIQLAMA
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
Saat 22:00-da start götürəcək qarşılaşma ilə bağlı “Şamaxı”nın və Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov fikirlərini Komanda.az-la bölüşüb:
“Qarabağ”a uğurlar arzulayırıq, gözləntilərimiz böyükdür. Çünki “Qarabağ” bunu qazanıb, bütün azarkeşlər, futbol ictimaiyyəti komandamızdan çox şey gözləyir. Amma bura Çempionlar Liqasıdır. Rəqib də Şimali Makedoniyanın çempionudur. Ümumiyyətlə, burada zəif rəqib yoxdur. Amma inanıram ki, “Qarabağ” öz təcrübəsi hesabına “Şkendiya”nı məğlub edə biləcək”.
43 yaşlı mütəxəssisin “Şkendiya” səddini aşacağı halda, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə gedə bilər, yoxsa komandada nələrinsə çatışmadığını düşünürsüz” sualına cavabı belə olub:
“Qarabağ” artıq neçə illərdir ki, Avropa Liqasında, Konfrans Liqasında, Çempionlar Liqasında mübarizə aparan komandadır. Əlbəttə, onlar özləri çatışmazlıqları çox yaxşı bilirlər. Görürük ki, yeni gələnlərlə yanaşı, gedən oyunçular da var. Çətindir. Bu gün bəlkə də, Avropada elə böyük komandalar var ki, “Qarabağ”ın etdiyini edə bilmirlər, 14-15 il belə sabit qalmağı bacarmırlar. Halbuki “Qarabağ” bunu neçə illərdir davamlı olaraq bacarır və bu özü böyük bir işdir. Ümid edirəm ki, komandamız yenə də azərbaycanlı futbolsevərləri sevindirəcək”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin