“Həm bir Azərbaycan vətəndaşı, həm də qardaşım olaraq onunla fəxr edirəm” – MÜSAHİBƏ

Futbolçu kimi “Kəpəz”, “Sabah”, “Səbail” kimi komandalarda çıxış etmiş, hazırda 1-ci Liqa klubu “Difai”nin köməkçi məşqçisi olan Kərim Diniyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Kərim, işlərin necə gedir? Sanki, futbol elitasından bir qədər uzaqlaşmısan.

– Hazırda “Difai” klubunda köməkçi məşqçiyəm, uzaqlaşmamışam. Futbol məktəbim var və bununla yanaşı, “Difai”də çalışıram.

“Neftçi”, “Sumqayıt”, “Kəpəz”, “Zirə”, “Sabah” kimi klublarda çıxış etmisən. Futbolçu karyeranda ən önəmli yerə sahib hansı komandanı görürsən?

– Karyeramda ən önəmli yer iki komandanındır. “Neftçi”nin yetirməsiyəm, uşaqlıq illərim bu kluba bağlıdır. Ondan sonra isə mənə görə, “Kəpəz”də olduğum müddət karyeramın ən yaxşı illəri idi. Həm şəhər, həm azarkeşlər, oyunlar… Avroliqada oynadıq, mərhələ keçdik. Gəncə şəhəri, “Kəpəz” komandası həyatımda önəmli yerə sahibdir.

Karyeranı erkən bitirdin. İndi 32 yaşında olduğunu nəzərə alsaq, hələ bir neçə il oynaya bilməzdin?

– Bəlkə də, olar bilər ki, oynayardım. Amma atamın (Şahin Diniyev) bir sözu var: ”Ya elə ol, ya belə, heç vaxt elə-belə olma”. Bu, hər zaman mənim üçün açar sözdür. Bir işi ya yüksək səviyyədə görməlisən, ya da bitirməlisən. O vaxt şərtlər elə oldu ki, öz istəyimlə bitirdim.

Türkiyənin 1-ci liqa komandası “Çorum”da çıxış edən qardaşın Coşqunun oyunlarını izləyirsənmi? Böyük qardaş kimi ona hansısa məsləhətlərin olur?

– Təbii ki, bütün oyunlarını izləyirəm. Ondan əvvəl “Bandırmaspor” və “Ümraniyəspor”dakı oyunlarına da baxırdım. Qururvericidir təbii ki. Həm bir Azərbaycan vətəndaşı, həm də qardaşım olaraq onunla fəxr edirəm. Artıq iki mövsümdür oradadır və özünü yetərincə doğruldub. Məsləhətə isə ehtiyacı olduğunu düşünmürəm. Ehtiyac olarsa, hər zaman.

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

Sən Coşqundan fərqli olaraq, Azərbaycanın əsas millisində oynamamısan. Günahı özündə görürsən, yoxsa səni “görməyənlər”də?

– Bəli, mən oynamamışam. Amma hər zaman güzgüdə özümə baxmışam, səhvi özümdə görmüşəm. Yəqin, yetərincə o səviyyədə olmamışam ki, çağırılmamışam. Hə, ümidli olduğum zamanlar olub, amma ki, qismət olmayıb.

Artıq gənc məşqçilər də Premyer Liqa klublarında baş məşqçi kimi fəalyyət göstərir. Sən necə, nə vaxtsa Premyer Liqada özünü baş məşqçi kimi sınamaq istərdin?

– Qismət olsa. Mən məşqçliyə əlifbanın A-sından başlamışam. Balaca uşaqlarla hazırlaşaraq, yavaş-yavaş irəli getmək istəyirəm. Hər detalı, hər xırda elementi öyrənməyə çalışıram. Zamanında rəhbərliyi altında oynadığım məşqçilər adlı-sanlı şəxslər olub. Mərhum Böyükağa Hacıyev, Arif Əsədov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Şahin Diniyev, Elşad Əhmədov və Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmişəm. Görün kimlərlə işləmişəm? Hər zaman hər brinin iş metodunu özüm üçün qeyd etmişəm. Və ümid edirəm ki, gələcəkdə bu qeydlər və gördüklərim mənə çox kömək olacaq. Hədəfim isə bəllidir: Maksimum ən yaxşılardan olmaq. Çatacam bu hədəfə ya yox, onu yalnız Allah bilir.

Kubokun finalında keçmiş komandan “Sabah” “Qarabağ”la qarşılaşacaq. Səncə, “Sabah” tarixində ilk dəfə titul qazana bilər, yoxsa, “Qarabağ” qarşısında şansı yoxdur?

– Maraqlı oyun olacaq. “Sabah” daha çox istəkli olacaq. Çünki avrokuboklara getmək üçün çempionatda demək olar ki, şansları yoxdur. Bu kuboku qazanmaq son şanslarıdır. “Qarabağ” haqda isə nə qədər tərif etsək də azdır. İllərdir qurulmuş sistem öz nəticəsini verir. Şansları bərabər görürəm. “Sabah”ın istəyi, “Qarabağ”ın gücü. İstək, yoxsa güc qalib gələcək, onu finalda görəcəyik. Hər iki komandaya uğurlar arzulayıram. Layiq olan qələbə qazansın və ölkəmizi layiqincə təmsil etsin.

Fəxri Rüstəmli










Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button